Rüşvətdə ittiham olunan nazirlər üçün son gün
14 üzvlük Məclisin yarıdan çoxunun səsi keçmiş nazirlərin qanun pozuntusuna yol vermədiklərini, ya da onların işinin Ali Divanda müzakirə olunub-olunmayacağını müəyyən edəcək.
Məclis üzvləri arasında 9-u hakim partiya Ədalət və İnkişaf Partiyasından (AKP), 4-ü Cümhuriyyət Xalq Partiyası (CHP) və 1-i isə Milliyyətçi Hərəkat Partiyasındandır (MHP).
Millət vəkillərinin də iştirak edəcəyi iclasda hər nazir haqqında ayrı-ayrılıqda “Ali Divana göndərilsin?” sualı səslənəcək, bundan sonra isə səsvermə olub qərar qəbul olunacaq. Əgər Ali Divana göndərilmə qərarı verilsə, bu dəfə isə nazirlərin ittiham olunduqları qanun pozuntuları müzakirə olunacaq və təqsirli bilindikləri maddələrdən hansı üçün Ali Divana göndərilməsi müəyyən olunacaq.
Qeyd edək ki, 2013-cü ilin dekabrında rüşvət və qaçaqmalçılıqla bağlı İstanbul baş prokurorluğunun keçirdiyi əməliyyatda 70-dən çox iş adamı saxlanılmışdı. Eyni zamanda bu hadisələrdə 4 nazirin adı hallanmış, onlar da tutduqları vəzifədən istefa vermişdi.
Nazirlər iran əsilli iş adamı Rza Zərrabla əməkdaşlıq edərək onun ölkədən qanunsuz qızıl satmağına, iş adamının Türkiyə vətəndaşlığını almağına, Rza Zərrabın özü və yaxınları üçün viza almağına yardım etməkdə və miqdarı dəqiq müəyyənləşdirilməyən məbləğ qarşılığında həmin şəxsə xüsusi imtiyazlar verməkdə ittiham olunurlar.
Məlumat üçün bildirək ki, Ali Divan (Yüce Divan) Türkiyə prezidenti, Nazirlər Kabineti üzvləri, Konstitusiya Məhkəməsi, Məhkəmələr, Hərbi Məhkəmə, baş prokurorlar, hakimlər və dövlət ittihamçılarının mühakimə olunduğu məhkəmədir.
Fatimə Kərimli
Teqlər: