Nazarbayev nəvəsinə görə saytı bağladı

Nazarbayev nəvəsinə görə saytı bağladı
  24 Dekabr 2014    Oxunub:1894
Ratel.kz informasiya portalına girişə Qazaxıstanın ən böyük provayderi olan “Kazaxtelekom” tərəfindən blok qoyulub.
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında ratel.kz portalının həmtəsisçisi və redaktoru Marat Asipov deyib.

M.Asipovun sözlərinə görə, provayder şirkət sayta girişin əngəllənməsinin səbəbləri barədə heç bir açıqlama və ya izahat vermir.

Portalın əməkdaşlarının təxminlərinə görə, buna saytda dərc olunan “tənqidi materialların bolluğu” səbəb ola bilər.

Maraqlıdır ki, sayt bağlanmazdən əvvəl ora Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsi Nurəli Nazarbayevin paytaxt Astana şəhəri merinin müavini vəzifəsinə təyin olunması barədə məqalə yerləşdirilib. Məqalənin sərlövhəsi isə belə olub: “Rahat Əliyevin oğlu paytaxt merinin müavini oldu”.

Rahat Əliyev Nursultan Nazarbayevin keçmiş kürəkənidir. Hazırda Avropada narahat siyasi mühacirət həyatı yaşayan Rahat Əliyev adam oğurluğunda və qətllərdə ittiham olunur.

Görünür, Qazaxıstan hakimiyyəti keçmiş kürəkənin adının hallanmasından xoşlanmır və Astana merinin yeni müavininin Rahat Əliyevlə qohumluğunun yada salınmasını istəmir.

Qeyd edək ki, ratel.kz saytı Qazaxıstanın hakim elitasının bulaşdığı korrupsiya qalmaqalları barədə müntəzəm olaraq tənqidi materiallar hazırlayıb yayır.

AzVision.az


Teqlər:





Xəbər lenti