Bayramda hamı Şahdağa axışır: boş yer qalmadı

Bayramda hamı Şahdağa axışır: boş yer qalmadı
  24 Dekabr 2014    Oxunub:3703
Azərbaycanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 gün iş olmayacaq. Hazırda qış fəsli olduğundan qış turizmi daha çox maraq doğurur. Ölkəmizdə bir neçə il öncəyədək qış turizmi yox idi. İndi isə, Şahdağda böyük bir qış turizm kompleksi yaradılıb.

Şahdağ Qış-Yay Turizm Kompleksinin inşaasına 2009 cu ilin sentyabrında başlanılıb. Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində Şahdağ Qış-Yay Turizm Kompleksi salınıb. Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradıb. Bu baxımdan insanların bəziləri istirahət günlərini xarici ölkədə, bəziləri isə ölkə daxilində olan qış turizm yerlərində keçirir.

Bununla bağlı Turizm təşkili üzrə ekspert Bahadur Bilalov AzVision.az-a açıqlamasında bildirib ki, Qusarda "Şahdağ", Qəbələdə "Tufan dağ" qış turzim komplekslərinə gedənlərin sayında artım var. Ekspertin sözlərinə görə, Azərbaycanda bu sahə yenidir, digərləri onillərdir fəaliyyət göstərir:

“Hələ ki, bizdə qiymətlər nisbətən bahadır. Hesab edirəm ki, vaxt keçdikcə bazar özü bu qiymətləri tənzimləyəcək. "Şahdağ" baha deyilməsinə rəğmən bir ay bundan əvvəl yeni il üçün otellərin bütün nömrələri satılıb. Hazırda orada yer yoxdur. Ümumiyyətlə Qəbələ və digər bölgələrə istirahət üçün yollananlar arasında Bakı sakinləri üstünlük təşkil edir. Ölkəmizdə daxili turizm inkişaf edir”.

İstirahət günü xarici ölkələrə üz tutanlara gəlincə, B.Bilalov bildirib ki, qonşu Gürcüstan və Türkiyə kimi ölkələrə gedənlər üstünlük təşkil edir. Ekspert qeyd edib ki, istirahət günləri vətəndaşların müəyyən hissəsi Avstriya və İsveçrəyə üz tutur.

Qiymətlərə gəlincə, statistikaya görə, Azərbaycanın dağ-xizək kurortlarına turların qiyməti istirahət paketinin həcmindən və oteldən asılı olaraq dəyişir. Bayram ərəfəsində ölkə daxilində turizm qiymətləri əhalinin cibinə uyğun olur. Əsasən də qış turizm sahəsində “Şahdağ”, “Tufandağ” kimi qış turizm məkanlarında şirkətlərarası rəqabətdə qiymət siyasətinin əhalinin xeyrinə olduğunu bildirilir.

Belə ki, “Şahdağ” və ya “Tufandağ”a bir günlük tur 23-24 manata (xizək dəstinin kirayəsi, nəqliyyat, dağ-xizək kompleksinə giriş, fotosessiya daxil), Şahdağa hoteldə qalmaqla birlikdə 4 günlük tur 410 manata başa gəlir. Quba (4 günlük tur 265 manatdan başlayır) və Şamaxı (beşulduzlu hoteldə qalmaqla 4 günlük tur 600 manata başa gələcək) turları da populyardır. Daha çox diqqət mərkəzində olan, Dubaya həftəlik turların qiyməti bir nəfər üçün 700 manatdan (uçuşla birlikdə 999 manatdan), İstanbula 550 manatdan (uçuşla 739 manatdan), Uludağa 800 manatdan (uçuşla), Bakurianiyə isə altı günlük tur bir nəfər üçün 460 manatdan (qalmaq və gündə üç dəfə yeməklə) başlayır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti