İlham Əliyev: ağılla iradənin vəhdəti...

İlham Əliyev: ağılla iradənin vəhdəti...
  25 Dekabr 2014    Oxunub:3185
Anar YUSİFOĞLU

Ömrü verən Allahdır, onu necə yaşamaq isə insandan, yəni onun mənəvi saflığından, əxlaqından, ləyaqətindən asılıdır. Şərəfli həyat yolu hər kəsə nəsib olmur. Çünki şərəfli ömrün tələbləri, öhdəlikləri çətin və ağırdır. Həyatın bütün yazılmış və yazılmamış qanunları bunu təsdiq edib: ailə tandemindən tutmuş, təhsilə, xarakterə, ən gərgin ictimai mühitdə belə özünü təsdiqləmək bacarığına qədər...


Bu gün 53 yaşını qeyd etdiyimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev belə bir şərəfli həyat yolu keçib. İki müdrik insan -Ulu öndər Heydər Əliyev və tanınmış oftalmoloq alim, akademik Zərifə Əliyevanın ocağında dünyaya göz açan İlham Əliyev məhz ziyalı təfəkkürünün, zehniyyətinin daşıyıcısıdır. Elm sübut edir ki, insanın zəkası və intellektinin formalaşmasında mühitlə yanaşı, irsiyyət də böyük rol oynayır. Belə bir tale, belə bir qismət ilk addımdan İlham Əliyevin sağlam, bütöv, mətin xarakterinin formalaşmasında böyük rol oynayıb. Sonradan aldığı mükəmməl təhsil, böyük həyat təcrübəsi, gəncliyinin ilk illərindən çox çətin sınaqlarla üzləşməsi onun əyilməz xarakterinin formalaşması ilə nəticələnib. Bu illər ərzində sadə, humanist, savadlı, təmkinli olduğu qədər də qətiyyətli və mübariz, mətin xarakteri İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə sahib olduğu dəfələrlə öz təsdiqini tapıb. Ona məxsus olan bu xüsusiyyətlər özünü Azərbaycanın modern dövlət quruculuğunda və optimal siyasi oriyentasiyasının müəyyən edilməsində də büruzə verir...

lll

Ziyalı ailəsində və ziyalı mühitində formalaşması İlham Əliyevin dünyagörüşündə öz sözünü deyib. Yəni Heydər Əliyev kimi siyasi dühanın, tarixi şəxsiyyətin, Zərifə Əliyeva kimi zəkanın vəhdətindən təzahür etməsi İlham Əliyevin həyatının həlledici səhifəsidir. Bu, səhifə tarixdir... Azərbaycan tarixi... İlham Əliyev haqqında düşünərkən unutmamalı;

- O, örnək ola biləcək xarakterə və iradəyə sahibdir.

- Analitik təfəkkürü onu dövrümüzün şəriksiz liderinə çevirib.

- Savadlı və intellektualdır. Sovet dönəmində dünyanın siyasi fikir və elmi mərkəzlərindən olan Moskvada oxumaq, ictimai-siyasi biliklərə sahib olmaq asan məsələ deyildi. Məhz belə bir elm və siyasi mühitdə təhsil alması İlham Əliyevin karyerasında önəmli faktorlardan sayılır.

- Onun hələ gənclik illərindən düny

anın aparıcı dillərini mənimsəməsi beynəlxalq səviyyədə danışıqların aparılması və yüksək intellektin nümayiş etdirilməsinə yardımçı olur.

- Təmkinlidir, Azərbaycan həqiqətlərinin məqamında dünya ictimaiyyətinin diqqətinə çatdırılmasını məqsədəuyğun sayır.

- Qətiyyətlidir, təcavüzkar qonşularımızın torpaq iddialarının nəticə verməyəcəyi və Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi məsələsindəki iradəsini geosiyasi vəziyyətin ən gərgin məqamlarında da nümayiş etdirir.

lll

"Mən hər bir azərbaycanlının prezidenti olacağam". 2003-cü ildə Azərbaycan seçicisinə vəd edilən bu söz ötən 10 il ərzində hər gün özünü doğrultdu. O, Azərbaycanı kənd-kənd, oba-oba gəzir, yüzminlərlə soydaşı ilə birbaşa təmasda olur, onları dinləyib problemlərinin həllində hamıya nümunə olacaq bir ali humanistlik, qayğıkeşlik nümunəsi göstərir, daim xalqı ilə, milləti ilə birgə olmağın, yaşamağın onun üçün həyat prinsipi olduğunu tam aydınlığı ilə ortaya qoyur. İlham Əliyev bu illər ərzində hər bir azərbaycanlının prezidenti kimi Azərbaycandan kənarda da rəhbərlik etdiyi ölkənin vətəndaşının yanında oldu. Onun siyasi iradəsini və qətiyyətini isə Ramil Səfərovun Macarıstandan, Azərbaycanın Milli Qəhrəmanı, igidliyi ilə bütün dünyaya səs salan Mübariz İbarhimovun nəşinin işğalçı ölkədən alınaraq Vətənə gətirilməsi faktı birmənalı şəkildə sübut etdi...

O, ötən müddətdə hər bir azərbaycanlının Prezidenti oldu və bütün fəaliyyətini Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqın rifahının yüksəldilməsinə istiqamətləndirdi. Daxildə vətəndaş sülhünə, milli həmrəyliyə nail oldu, xaricdə Azərbaycanın haqq səsini dünyaya yaydı. İlham Əliyev Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi "mən ona özüm qədər inanıram" ifadəsini xalqına və dövlətinə sadiqliyi ilə ötən 11 il ərzində layiqincə təsdiqlədi.

Bu 11 ildə Azərbaycan çox şeyə nail oldu. Heydər Əliyevin milli dövlət quruculuğu strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyev vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf, dini və milli azadlıqların təmin edilməsi istiqamətində sözün əsl mənasında möhtəşəm işlər gördü. Ulu öndərin "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyimini qətiyyətlə gerçəkləşdirdi. Neft strategiyasını həyata keçirmək çox çətin idi, çünki hər addımda ciddi əngəllər və bədxah müdaxilələr olurdu. Lakin İlham Əliyev şəxsiyyəti dünyanın diqqətini Azərbaycana yönəldə bildi. Ölkəmizi regional-iqtisadi layihələrin mərkəzinə çevirdi. Bu gün regionda bütün dünyanın qəbul etdiyi bir reallıq var - Azərbaycansız bölgədə heç bir layihə həyata keçirilə bilməz.

İqtisadiyyatda əldə edilən nailiyyətləri statistikadan da görmək olur. Son 11 ildə ölkə iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 20 dəfəyə yaxın artıb. 2003-cü ilə kimi Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulduğu halda, son 11 ildə yatırılmış sərmayələr 100 milyard dolları keçib. Məhz onun apardığı uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan investisiya idxal edən ölkədən Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova və digər dövlətlərə böyük həcmdə investisiya yatıran ölkəyə çevrilib.

Ölkədə sənaye potensialı güclənir, yeni istehsal sahələri yaradılır, minlərlə yeni obyekt, milyona yaxın yeni iş yeri açılır, sahibkarlığın inkişafına dövlət dəstəyi daha geniş şəkildə davam etdirilir. Ölkə ərazisinin 85 faizi qazlaşdırılıb, Bakıda əhalinin keyfiyyətli su ilə təmin edilməsi üçün Oğuz-Bakı kəməri çəkilib. Prezident insanların rifah halının yaxşılaşdırılması istiqamətində bir çox sərəncamlar imzalayıb. Ölkədə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində bir çox tədbirlər həyata keçirilib, qaçqın şəhərcikləri ləğv edilib, insanlar müasir qəsəbələrə köçürülüb. İnsan faktoru həmişə birinci olub.

Azərbaycan nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyi sistemində əhəmiyyətli yerini tutmaqdadır. Azərbaycan Prezidentinin enerji xəttlərinin diversifikasiyası siyasətinin nəticəsidir ki, hazırda ölkəmiz bir çox ixrac kəmərinə sahibdir. Bu günlərdə TAP layihəsinin imzalanma mərasimi keçirildi. Azərbaycan enerji təhlükəsizliyini tam təmin edib, qonşu dövlətlərlə bir sıra orta enerji layihələrini bu gün də həyata keçirməkdədir. Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib.

İlham Əliyev prezidentliyi dönəmində uğurlu gənclər siyasətini həyata keçirir. Azərbaycan gəncliyi ilə bağlı qəbul edilən dövlər proqramı gənc nəslin sağlam ruhda böyüməsi, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasında müstəsna rol oynayır. Bu gün gənclərin elm, təhsil, idman sahələrində yüksək uğurlara imza atması üçün hər cür şərait var. Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən biri də elmin, intellektual potensialın inkişafına nail olmaqdır.

Müstəqillik qazanılan ilk illərdə təhsil sistemi demək olar ki, dağılmışdı. İndi ən ucqar kəndlərdə belə kompüterlə təchiz olunmuş yeni məktəblər salınıb. Əlbəttə, mütəxəssis hazırlanması illər tələb edən prosesdir, amma İlham Əliyevin təhsilə diqqət və qayğısı, xaricdə təhsil alan gənclərin işlə təmin olunmasına dəstəyi bu sahədə ciddi uğurların əldə olunmasına zəmin yaratdı. Bu gün Azərbaycanda elmin inkişafına dövlət dəstəyi həyata keçirilir. İlham Əliyevin modernləşmə kursu sivil ictimai münasibətlərin, müasir siyasi təfəkkürün formalaşmasına xidmət edir. Azərbaycanın ilk süni peyki artıq orbitdədir.

QHT-lərin, KİV-lərin inkişafına dövlət dəstəyi proqramları həyata keçirilir. Faktiki olaraq, mətbuat demokratiyanın güzgüsüdür. Demokratik idealların təbliği və bərqərar olmasında mətbuatın üzərinə düşən məsuliyyəti nəzərə alan İlham Əliyev həmişə jurnalistlərin himayəçisi kimi çıxış edir. Prezident bütün mübahisəli məsələlərdə mətbuatın yanında olduğunu nümayiş etdirir.

Uzun illərdir ki, Azərbaycanda dini və milli azadlıqlar tam təmin edilib. Azərbaycan dünyaya uğurlu tolerantlıq modelini təqdim edib. Məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kursun nəticəsidir ki, Azərbaycan öz mədəniyyətini və müasir dövlət modelini dünyaya nümayiş etdirə bilir. Belə ki, hazırda respublikada milli mədəniyyət abidələri, teatrlar, muzeylər yenidən qurulur, yeni mədəniyyət obyektləri istifadəyə verilir. Azərbaycan mədəniyyətinin dünyada təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır, mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq konfranslar, humanitar forumlar təşkil edilir. Dünyanın bir sıra ölkələrində Azərbaycan mədəniyyəti günləri keçirilir. Bakıda, Qəbələdə və digər bölgələrdə təşkil edilən musiqi, muğam festivalları və bu tədbirlərin dünyaya yayılması Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti ilə birbaşa bağlıdır. İndi bütün dünya Azərbaycanın neçə-neçə belə möhtəşəm beynəlxalq layihələrin mahir təşkilatçısı olduğunu görür və dəyərləndirir. Necə ki, ölkəmiz “Avroviziya” mahnı müsabiqəsini yüksək səviyyədə keçirdi, indi də 2015-də Avropa Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşır.

Xarici siyasət və beynəlxalq əlaqələrin gücləndirilməsi İlham Əliyevin prezidentlik fəaliyyətinin ən vacib istiqamətlərindən biridir. Azərbaycan bu gün mötəbər beynəlxalq təşkilatların tribunalarından öz mövqeyini qətiyyətlə ortaya qoyur, geosiyasi proseslərin əsas fiqurlarından birinə çevrilir. Prezidentin irəli sürdüyü hücum diplomatiyasının nəticəsidir ki, ölkəmizlə hesablaşır və onun haqq səsini həm dinləyir, həm də inanırlar. Artıq regionun aparıcı ölkəsi statusunu qazanan Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar sırasında aktiv fəaliyyətini davam etdirir. BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi respublikamızın ümumbəşəri məsələlərin həllində əsas söz sahiblərindən birinə çevrildiyinin təcəssümüdür. Məhz İlham Əliyevin böyük qətiyyət və nüfuzu sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında uzun müddətdən bəri davam edən diplomatiya savaşında Azərbaycanın milli maraqları yüksək prinsipiallıqla qorunub, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətinin ifşası ilə bağlı sənədlər qəbul edib.

BMT, Avropa Parlamenti, İƏT, AŞ PA, ATƏT və digərlərinin qəbul etdiyi qətnamələr Prezident İlham Əliyevin "Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və heç vaxt da olmayacaq, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək" bəyanatının real təsdiqi sayıla bilər.

Güclü dövlət güclü orduya sahib olmalıdır. İlham Əliyevin Ali Baş Komandan olduğu ordu bu gün Cənubi Qafqazın ən qüdrətli ordusudur. Son 10 ildə hərbi sahəyə ayrılan vəsaitin həcmi 25 dəfəyə yaxın artıb ki, bu da Ermənistanın bütünlükdə hazırkı büdcəsindən 1.5 dəfə çoxdur. Azərbaycan ordusunun vətənpərvərlik ruhu və döyüş qabiliyyətinin nə qədər yüksək olduğunu Bakıda və Yerevanda keçirilən hərbi paradların müqayisəsi bir daha nümayiş etdirir. Hətta müqayisənin özü belə qüsurludur. Bakıdakı paradda hərbçilərimizin gücü, qüdrəti, bayrağımızın əzəməti görünürdüsə, bundan qorxuya düşən və bunu açıq etiraf edən işğalçı Ermənistan qonşu dövlətlərin bayraqlarının himayəsi altında parad keçirir. Artıq bütün dünya bilir və görür ki, Azərbaycan Ermənistandan hər sahədə üstündür, rinqdə də, hərbdə də, siyasətdə də, mədəniyyətdə də...

Azərbaycan bu gün dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olmaq və demokratik inkişaf ənənəsinə sadiq qalmaq istqamətində uğurlu addımlar atır. Ən ağrılı problemimiz olan Qarabağ münaqişəsinin ədalətli həlli üçün dünyada yaşayan soydaşlarımızın təşkilatlanmasına və güclü diasporumuzun yaradılmasına ciddi ehtiyac var. Hazırda dünyanın 70-dən çox ölkəsində Azərbaycan səfirlikləri və mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, onlar da milli maraqlarımızın beynəlxalq səviyyədə qorunmasına öz töhfələrini verir. Xalqımızın haqq səsinin beynəlxalq kürsülərdən eşidilməsi və dəstəklənməsi bütövlükdə Azərbaycan dövlətinin də inkişafı və tərəqqisinə xidmət edir.

Bu gün xalqımız nikbindir. Sabaha inamla baxır. Çünki İlham Əliyevin rəhbərliyi ilə ən böyük uğura və qələbəyə imza atacağına şübhə etmir. Ömrü Allah verir, onu necə yaşamaq isə hər kəsin özündən asılıdır. Prezident İlham Əliyev yola saldığı 53 ili şərəflə yaşayıb və bu şərəfli ömürdən Azərbaycan xalqının qismətinə çoxsaylı uğurlar və firəvanlıq düşüb.

Bu gün Azərbaycanın gələcəyini, inkişafını, özünün və övladlarının təhlükəsiz, firavan həyatını düşünən hər bir azərbaycanlının ürəyində bir arzu var... Dua kimi bir arzu: Tanrı Sizi qorusun, cənab Prezident!



Teqlər:





Xəbər lenti