Qadın şairlərimizin şeirləri ingilis dilində

Qadın şairlərimizin şeirləri ingilis dilində
  25 Dekabr 2014    Oxunub:3246
Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində ingilis dilində nəşr edilmiş “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabının təqdimatı keçirilib. Kitab UNESCO-nun dəstəyi ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən nəşrə hazırlanıb.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva layihənin məziyyətlərindən danışarkən əməkdaşımıza bildirib ki, məqsəd müxtəlif əsrlərdə yaşamış Azərbaycan qadınlarının yaradıcı potensialını göstərmək, onların azadlıq eşqi, humanizm prinsipləri, mübariz əhvalı barədə ingilisdilli oxucuda obyektiv təsəvvür yaratmaqdır.



İctimai Birliyin sədri bütün bunlar barədə təqdimat mərasimində ətraflı məlumat verib.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının əməkdaşı Mustafa Şabanov UNESCO-Azərbaycan əlaqələrindən, bu beynəlxalq təşkilatın dəstəyi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Layihənin məsləhətçisi, şair-tərcüməçi Səlim Babullaoğlu ingilis dilində mükəmməl bir ədəbiyyat toplusunun nəşr edildiyindən məmnun qaldığını bildirib, müxtəlif əsrlərdə yaşamış qadın şairlərin yaradıcı potensialının tanıdılması sahəsində uğurlu bir addım atıldığını söyləyib.

Ombudsman Aparatının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, yazıçı-jurnalist Zemfira Məhərrəmli “Sönməz Məşəl” İctimai Birliyinin qadın yaradıcılığına xüsusi diqqət yetirməsini təqdirlayiq hal saydığını bildirib, yeni nəşri bütövlükdə qadın yaradıcılığına qayğı və diqqətin təzahürü sayıb.
Kitabda şeirləri çap olunan şairlərdən Firuzə Məmmədli və Səmayə Əlyeva antologiyanın əhəmiyyətindən danışıb, bu xeyirxah işə dəstək olanların hamısına minnətdarlıq ediblər.
Kitabın Amerikalı redaktoru, Kaliforniya Dövlət Universitetinin müəllimi, şair- tərcüməçi Əlison Məndəvil tədbirə Skyp vasitəsilə qoşulub, layihə üzərində işdən danışıb, kitabın Amerikada da nəşri üçün danışıqlar apardığını bildirib.

Qeyd edək ki, “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabına Məhsəti Gəncəvidən tutmuş ötən əsrin 90-cı illərinə qədər yazıb yaratmış şairlərin əsərləri daxil edilib. Beş yüz nüsxə tirajla çap edilən kitabların bir hissəsi UNESCO üzrə Azərbaycan Milli Komissiyasına hədiyyə ediləcək, bir hissəsi Kaliforniya Dövlət Universitetinin kitabxanasına yerləşdiriləcək, eləcə də Azərbaycan kitabxanalarına və Azərbaycandakı səfirliklərə hədiyyə olunacaq.


Teqlər:  





Xəbər lenti