Milli Məclisdə deputatların sözü çəp gəldi

Milli Məclisdə deputatların sözü çəp gəldi
  25 Dekabr 2014    Oxunub:2199
“Əgər o adamın, o alimin müdafiə etdiyi elmi iş Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatına bir töhfə vermirsə, onun hansı alimliyindən, alimlik dərəcəsindən danışmaq olar?”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Vahid Əhmədov dekabrın 25-də parlament komitələrinin birgə iclasının müzakirəsinə çıxarılmış "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.

O, təklif edib ki, qanun layihəsində alimlik statusu məsələsinə bir daha baxılsın. V. Əhmədov eyni zamanda, ali təhsil müəssisələrinin nəzdində elmi-tədqiqat institutlarının olmasına öz narazılığını bildirib:

“Elmi-təqiqat institutları əslində Milli Elmlər Akademiyasının nəzdində olmalıdır. Onların ali təhsil müəssisələrinin tərkibində olmasına heç bir ehtiyac yoxdur. Dünyanın heç bir yerində də belə bir şey yoxdur".

V. Əhmədovun son fikirləri deputat həmkarı Fəzail Ağamalı tərəfindən narazılıqla qarşılanıb.

F. Ağamalı bildirib ki, əslində elmi-tədqiqat institutları Milli Elmlər Akademiyasının deyil, elə ali təhsil müəssisələrinin nəzdində olmalıdır:

"Yenə də o fikrimin üstündə qalıram ki, elmin gələcəyi ali məktəblərdən asılıdır. Bu baxımdan, deputat həmkarımın fikirləri ilə heç cür razılaşa bilmərəm. Bu gün baxın görün ali təhsil müəssisələrinin dərc etdiyi elmi-tədqiqat əsərləri çoxdur, yoxsa, elmi-tədqiqat institutlarının?

Əlbəttə ki, ali təhsil müəssisələrinin! Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti var. Belə olan halda, Akademiyada bu tipli elmi-tədqiqat institutuna ehtiyac varmı? Və yaxud, Neft Akademiyası da var, Neft-Kimya Problemləri İnstitutu da. Neft Akademiyası olan yerdə, belə bir instituta ehtiyac varmı? Ona görə bir daha hesab edirəm ki, elmi-tədqiqat institutları ali təhsil müəssisələrinin tərkibində olmalıdır".

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti