“Xudatdakı qarşıdurmanı müxalif qüvvələr yaradıb”

“Xudatdakı qarşıdurmanı müxalif qüvvələr yaradıb”
  10 May 2013    Oxunub:1255
Onlar hadisə yerinə toplaşmış bir qrup yerli sakini yürüş keçirməyə, ictimai təhlükəsizliyi və hüquq qaydasını pozmağa sövq ediblər.
Mayın 9-da saat 11.20 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub və bu zəmində hər iki şəxs arasında mübahisə baş verib.

Məsələ Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsində araşdırılıb və öz qanuni həllini tapıb.

AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, lakin bəzi radikal müxalifət partiyalarının yerli funksionerləri öz təhrikçi ənənələrinə sadiq qalaraq baş vermiş adi yol-nəqliyyat hadisəsini növbəti dəfə siyasiləşdirməyə, rayonda süni gərginlik və qarşıdurma yaratmağa cəhd göstəriblər.

Onlar hadisə yerinə toplaşmış bir qrup yerli sakini yürüş keçirməyə, ictimai təhlükəsizliyi və hüquq qaydasını pozmağa sövq ediblər.

Görülmüş tədbirlərlə qanunsuz aksiyaya cəhdin qarşısı alınıb, onun təşkilatçılarından bir neçəsi, o cümlədən Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, habelə rayon sakini Nüsrət Qarayev saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Adları çəkilən şəxslərin hər biri rayon məhkəməsi tərəfindən 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Rayonun hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuz aksiyaya cəhdin digər təhrikçilərinin və fəal iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.


Teqlər:  





Xəbər lenti