Azərbaycanda təhsilində daha bir ilk

Azərbaycanda təhsilində daha bir ilk
  26 Dekabr 2014    Oxunub:2448
Təhsil Nazirliyi 2014-cü il ərzində təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlər haqqında məlumatların ictimaiyyətə təqdim olunmasını davam etdirir.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 2014-cü ildə ilk peşə və orta ixtisas təhsili sahəsi üzrə həyata keçirilmiş ən mühüm islahatlar, tədbirlər və yeniliklər

Peşə təhsilinin inkişafının əsas prioritet olduğunu nəzərə alınaraq, bu il ilk-peşə ixtisas təhsili müəssisələrinə qəbul planı ilk dəfə olaraq, əmək bazarının tələbləri araşdırılaraq tərtib edilib.

İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes partnyorluğuna əsaslanan “Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində pilot ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında müasir resurs mərkəzlərinin yaradılması prosesi davam etdirilir.

Təhsil Nazirliyi tərəfindən kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verilib.

Belə ki, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərmançiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnika alınıb. İlk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib.

Avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan ilk-peşə ixtisas təhsili müəssisələrinə 11 ədəd “Renault Logan” markalı nəqliyyat vasitəsi verilib.

Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülüb. Təlim üçün nəzərdə tutulmuş Avropa istehsalı olan bu avtomobillər 1600 kub/sm mühərrik və 5 pilləli mexaniki sürət qutusu ilə təchiz edilib.

Bütün bunlar müvafiq sahədə fəaliyyət göstərən ilk-peşə ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması, mütəxəssis hazırlığı işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.

“Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan alınan kreditə dair razılaşma” və “Azərbaycan Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün Kredit Sazişi” imzalanıb.

Layihənin büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcəkdir.

Təhsil Nazirliyi və Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi” üzrə Əməkdaşlıq Memorandumu imzalanıb. Bu layihə çərçivəsində pilot olaraq bir neçə peşə məktəbində yeni idarəetmə modelinin tətbiqi, tədris materiallarının hazırlanması, mühəndis-pedaqoji heyət üçün yeni ixtisasartırma, yenidənhazırlanma və ixtisasdəyişmə modelinin tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.

Təhsil Nazirliyi ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanmasında məqsəd 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, metallurgiya sənayesinin kadr potensialının gücləndirilməsinə və inkişafına nail olunmasını dəstəkləməkdən ibarətdir. Həmçinin, razılaşma “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə insan kapitalının inkişafı, iqtisadiyyatın qlobal məkana uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması kimi strateji vəzifələrin həyata keçirilməsinə təkan verməyə xidmət edir.

İlk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirmək məqsədilə “Liderlik və idarəetmə” təliminə başlanılıb. Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə təşkil edilən ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan kadrlar üçün təlimin iştirakçıları müsabiqə əsasında müəyyənləşdirilib.

Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edir. Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda “Uğur sertifikatı” əldə edən və hazırda ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınır.

Orta ixtisas təhsili

Orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq, 15 667 yerdən 11 266 yerə endirilib.
Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, 2014-2015-ci tədris ilindən tələbələr kredit sistemi əsasında təhsil alır. Bununla bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları hazırlanaraq tətbiq edilib.

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq regional kolleclərin yaradılması işinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarları ilə Masallı Dövlət Regional Kolleci, eləcə də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb.

Texniki istiqamətli kolleclərdə müəllimlik ixtisasları tələbə qəbulu planından çıxarılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti