“Gəlib mənim otağımı da yoxlasınlar” – Siyavuş Novruzov

“Gəlib mənim otağımı da yoxlasınlar” – Siyavuş Novruzov
  27 Dekabr 2014    Oxunub:2628
Dekabrın 26-da Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına müsahibə verib.
AzVision.az xəbər verir ki, S.Novruzov müsahibəsində “Azadlıq” radiosunun Bakı bürosunun ofisində aparılan axtarışla bağlı sualları cavablandırıb, radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlunun fikirlərinə münasibət bildirib.

- Baş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparıblar. Radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu hesab edir ki, aparılan axtarış, möhür və sənədlərin götürülməsi “Azadlıq” radiosuna qarşı təxribat və təzyiqdir. “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparılmasında siyasi motivlər də rol oynayıbmı?

- Qətiyyən. Hüquq-mühafizə orqanları məhkəmə qərarı əsasında istənilən yerdə axtarış aparmaq səlahiyyətinə malikdir. Prokurorluq əməkdaşları öz qanuni vəzifələrini yerinə yetiriblər. “Azadlıq” radiosunun bir neçə işçisi və radio ilə əməkdaşlıq edən bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Yəqin ki, axtarış onların verdikləri ifadələr əsasında ortaya çıxmış nüansların aydınlaşdırılması məqsədi ilə aparılıb. Şübhəli olan məsələləri aydınlaşdırmaq, sübutları yerində dəqiqləşdirmək üçün istənilən evdə, ofisdə axtarış aparılması adi haldır. Bunun üçün də rəsmi qərar çıxarılır.

Əgər şübhəli nəsə yoxdursa, niyə qorxurlar? Əgər mən düzəmsə, əməlisalehəmsə, qanunu pozmuramsa, gəlib hər gün YAP-dakı otağımda istənilən qədər axtarış aparsınlar. Buradan nə tapacaqlar? Qəzet, kağız, mətbuatın icmalı və sair. Axtarışdan, araşdırmadan yalnız fəaliyyətində problem olan şəxslər qorxa bilərlər.

Aparılan araşdırmanı təxribat və təzyiq kimi qiymətləndirmək üçün heç bir əsas yoxdur. Bəziləri elə düşünür ki, bu axtarışlar ona görə dekabrın 26-da aparılıb ki, həmin gün ABŞ-da Milad bayramıdır, istirahət günüdür. Bura ABŞ deyil, Azərbaycandır və biz Milad bayramını qeyd etmirik. Fevralın 1-də, yaxud başqa gün axtarış aparılsaydı, bu, ABŞ-da əks-səda doğuracaqdı? Ortaya belə iddialar atmaq gülüncdür. Bu məqamda “Qarğa, məndə qoz var” məsəli yada düşür. İndi xoflu olanlar ortaya düşüblər və qışqırıq salırlar.

- “Azadlıq” radiosunun Bakı ofisində axtarış aparılması ABŞ-Azərbaycan münasibətlərində gərginlik olduğu vaxta təsadüf edir. Axtarışın belə bir dövrə düşməsi təsadüfdürmü? Bu axtarış ABŞ-Azərbaycan münasibətlərini daha da gərginləşdirə bilərmi?

- Məsələyə bu kontekstdən yanaşılmasının qəti əleyhinəyəm. Çünki hər bir dövlətin vətəndaşları üçün təhlükəsizliyin təmin olunması hər şeydən önəmlidir. Dövlətin təhlükəsizliyi heç nəylə müqayisə oluna bilməz və burada güzəşt mümkün deyil. O cümlədən hər hansı dövlətlə qurulan əlaqələr, münasibətlər bizim ölkəmizin təhlükəsizliyindən üstün tutula bilməz. Bu gün Azərbaycan hakimiyyəti dövlət və xalq üçün cavabdehlik daşıyır. Cavabdehliyi yerinə yetirmək üçün dövlət əleyhinə yönələn hər hansı bir təxribatın, terror cəhdinin, Azərbaycan xalqının mənafeyinə zidd addımların qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Kimsə dövlət əleyhinə fəaliyyət göstərirsə, hansı dövlətə işləməsindən, hansı beynəlxalq təşkilata qulluq etməsindən asılı olmayaq cəzalandırılacaq. Millətin, dövlətin əleyhinə yönələn istənilən addımın qarşısı alınacaq.

ABŞ-ın vitse-prezidenti Cozef Bayden, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri bildiriblər ki, terrorun qarşısını almaq, Amerika xalqının maraqlarını qorumaq üçün fundamental prinsiplər olan insan hüquq və azadlıqlarını, vicdan azadlığını, etnik, milli, dini hüquqları pozublar. Onlar bildiriblər ki, yaxaladıqları terrorçulardan ifadə almaq, gələcəkdə törədilə biləcək terror aktlarının yolunu kəsmək və milli maraqları qorumaq üçün orta əsrlərə aid işgəncə metodlarından istifadə ediblər. ABŞ bütün bunları açıq formada bəyan edib.

Belə olan halda Azərbaycan hakimiyyəti kimlərinsə xarici xüsusi xidmət orqanlarına məlumat ötürməsinə imkan verə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, bizim ərazimizin 20 faizi Ermənistanın işğalı altındadır, hər tərəfdən böyük və ciddi proseslərin baş verdiyi dövlətlərin əhatəsindayik. Prosesləri başlı-başına buraxa, kiminsə istədiyi vaxt hansısa ölkənin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməsinə, xaricə məlumat ötürməsinə, casusluq etməsinə imkan verə bilmərik. Bizdən buna imkan verməyimizi tələb etmək, buna şərait yaratmağımız üçün bizə təzyiq göstərməyə cəhd etmək gülüş doğurur. Bunu amerikalılar da yaxşı başa düşməlidirlər. Əgər ABŞ öz təhlükəsizliyini qorumaq üçün özünün bəyan etdiyi fundamental hüquqları qurban veribsə, belə bir addım atıbsa, biz niyə atmamalıyıq?

Tam məsuliyyətlə bəyan edirəm ki, son proseslərin söz, mətbuat azadlığı ilə bağlılığı yoxdur. “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra çox məsələnin üstü açılıb. İndiyədək onlara bir söz deyilmirdi, indi isə bütün kartlar, xətlər açılıb və bəzi şəxslərin xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı üzə çıxıb, onlar bir -birlərinin fəaliyyəti, hansı işlər gördükləri haqda hüquq mühafizə orqanlarına məlumat veriblər. Onlar xarici kəşfiyyata, erməni lobbisinə işlədiklərinə görə məsuliyyətə cəlb olunublar. Xarici kəşfiyyata, erməni lobbisinə xidmət edən hər bir yer, təşkilat axtarılmalıdır.

Əlbəttə, sual oluna bilər: onlar niyə indiyədək məsuliyyətə cəlb olunmurdular? Bəyəm onlar indiyədək daha zəif fəaliyyət göstəriblər, tənqidləri, təhqirləri az olub? Xeyr, sadəcə olaraq hər şeyin zamana ehtiyacı var.

- Yəni məsuliyyətə cəlb olunan Azərbaycan vətəndaşları ABŞ kəşfiyyatına işləyirmiş?

- Əlbəttə. Belə hallar çoxdur. Onların maskalanmalarına fikir vermək lazım deyil. Gələn il bu adamların bir qrupunun açıq məhkəməsi olacaq. Həm sənədlərlə, faktlarla, həm də audio və video yazılarla həmin şəxslərin günahları sübuta yetirilib. Buna görə də bəzi dövlətlər hay-küy salır. Çünki iç üzləri açılır, xüsusi xidmət orqanlarının fəaliyyəti ifşa olunub. İstintaq getdiyinə görə detalları açmıram. Burda təkcə erməni kəşfiyyatına yox, ABŞ və digər ölkələrin kəşfiyyatına da işləyənlərin iç üzü açılacaq. Azərbaycan hakimiyyəti açıq məhkəmədə bütün mətbuatın, ictimaiyyətin iştirakı ilə göstərəcək ki, xarici kəşfiyyata işləyən kimlərdir, hansı ölkələrin xüsusi xidmət orqanları Azərbaycan vətəndaşını casusluğa cəlb edib, onların əməlləri nədən ibarətdir və onları müdafiə edənlər kimlədir.


Teqlər:  





Xəbər lenti