Yoxa çıxan təyyarədən xəbər var

Yoxa çıxan təyyarədən xəbər var
  28 Dekabr 2014    Oxunub:1784
Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay bəzi kütləvi informasiya vasitələrində axtarış xilasetmə əməliyyatı zamanı “AirAsia” şirkətinə məxsus itmiş təyyarənin qırıntılarının tapılması barədə xəbəri təkzib edib. Nazir bildirib ki, təyyarə və onun göyərtəsindəki sərnişinlər barədə heç nə məlum deyil.
Nazir, həmçinin qeyd edib ki, İndoneziya tərəfinin sorğusu əsasında Malayziya axtarış-xilasetmə tədbirləri ilə əlaqədar bir təyyarə və üç gəmi ayırıb. Hazırda İndoneziya tərəfi ilə sıx əlaqə saxlanılır.

Bundan əlavə nazir vurğulayıb ki, Kuala-Lumpurda xilasetmə əməliyyatları ilə əlaqədar xüsusi Əlaqələndirmə Mərkəzi yaradılıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) konvensiyasına uyğun olaraq, təyyarə radarlardan itən vaxt İndoneziyanın hava məkanında olduğuna görə, axtarış-xilasetmə əməliyyatına rəhbərliyi İndoneziya tərəfi öz üzərinə götürüb.

“Sinxua” agentliyinin yaydığı məlumata əsasən, “AirAsia” şirkətinin baş direktoru Toni Fernandes aviadaşıyıcı ilə axtarış-xilasetmə əməliyyatlarının təşkilatçısı arasında qarşılıqlı fəaliyyəti qurmaq üçün İndoneziyanın Surabaya şəhərinə gəlib. T.Fernandes bəyan edib ki, o, daxil olan bütün xəbərlər barədə insanları məlumatlandıracaq. “Mənim bütün fikrim bu dəqiqə sərnişinlərin və heyət üzvlərinin yanındadır. Biz axtarış-xilasetmə tədbirlərinin uğurla başa çatacağına inanırıq və İndoneziya, Sinqapur və Malayziya hökumətlərinə göstərilən yardıma görə minnətdarlığımızı bildiririk”.

İndoneziyalı dispetçerlər yerli vaxtla saat 06:17-də təyyarə ilə əlaqəni itiriblər. Həmin vaxt təyyarənin Kalimantan və Belitunq adaları arasında olduğu güman edilir.

Cədvələ uyğun olaraq, QZ 8501 reysini həyata keçirən, göyərtəsində 162 sərnişinin və heyət üzvünün olduğu təyyarə Sinqapurun Çanqi aeroportuna yerli vaxtla saat 08:30-da çatmalı idi. (AzərTAc)


Teqlər:





Xəbər lenti