ABŞ-ın erməni sifəti - VİDEO
ABŞ Dövlət Departamentinin sözçüsü Jeff Ratke gündəlik brifinqinə “Azadlıq radiosu”nun Bakı Bürosunun bağlanmasına münasibət bildirməklə başladı. Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə münasibətindən narahatlıgını dilə gətirən sözçü rəsmi Vaşinqtonun Azərbaycan rəsmilərini fundamental azadlıqları qorumaq üçün beynəlxalq öhdəliklərinə əməl etməyə çağırdığını vurğuladı.
"Dövlət katibi dekabrın 21-də prezident Əliyevlə telefon danışığında bu məsələni qaldırıb. O zamandan bəri “Azadlıq radiosu”nun ofisinin bağlanmasının, radionun mülklərinin müsadirəsinin şahidi olmuşuq. Müqavilə əsasında çalışanlar və “Azadlıq radiosu” ilə bilavasitə əlaqəsi olanlar rəsmilər tərəfindən dindirilib”.
Jeff Ratke prezident İlham Əliyevin ötən gün imzaladığı fərmana da münasibətini bildirdi. İçərisində ictimai fəallığına görə həbs edildiyi deyilən 10 nəfərin də olduğu 87 nəfərlik əfv sərəncamını müsbət qiymətləndirdi.
Mətbuat konfransında erməni jurnalist isə rəsmi Vaşinqtonun sadəcə bəyanat verməklə kifayətlənməməli olduğunu, radionun bağlanmasının ABŞ-Azərbaycan münasibətlərinə niyə təsir etmədiyinə dair israrla sual ünvanladı. Jeff Ratke isə ABŞ-Azərbaycan münasibətlərini pisləşməsinin nəzərdən keçirilmədiyini qeyd etdi.
Brifinqdə ANS-in Ermənistanda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı dünən keçirilən qondarma məhkəmə prosesi və onlara verilən ədalətsiz qərarla bağlı sualını isə sözçü cavablandırmadı.
“Mənim bu məslə ilə bağlı heç bir məlumatım yoxdur. Bunu nəzərdən keçirərək və brifinqdən sonra çalışaram nəsə öyrənim”.
Maraqlıdır ki, Dövlət Departamentinin sözçüləri artıq 2-ci dəfədir ki, Azərbaycan girovları ilə bağlı sualımızı cavabsız qoyur və bu barədə məlumatsız olduqlarını deyir. Halbuki, “Azadlıq radiosu”nun əməkdaşlarının istintqa çağrılmasından dərhal xəbər tutan Departament iyul ayından bəri girovluqda olan azərbaycanlılar barədə isə hələ də məlumatsızdırlar.