“Onun futbolçu olmasını heç istəmirdim” – Qurban Qurbanovun anası
Qurbanın bu səviyyəyə çatmasında Musanın əməyi danılmazdı. Düzünü desəm, mən heç istəmirdim qardaşlar futbolçu olsun. Həmişə deyirdim ki, oxuyun, ali məktəb qutarıb boynunuzdan qalstuk asıb vəzifə sahibə olun. Futbolçuların tez-tez zədələnməsi, əlini-ayağını sındırması məni qorxudurdu. Lakin, nə qədər çalışsam da Musayla Qurbanın futbola marağını söndürə bilmədim. Az qala yatanda da futbol oynayırdılar. Heç vaxt zədələnəndə mənə bildirməyiblər. Rusiyada oynayanda bir dəfə Qurbanın ayağı sınmışdı. Zaqatalaya gələndə çəlikləri maşında gizlədib ki, mən narahat olmayım. Qurban uşaq vaxtı nadinc olsa da heç vaxt ondan şikayət eşitməmişəm.
Bakıdan yaxınlarda qayıtmışam. Allaha şükür, müalicədən sonra səhhətim normaldı, təzyiqim qaydasına düşüb. Bu gün hamı Qurbandan danışır, telekanallarda onu göstərirlər. Mən də baxıb sevinirəm. Bütün övladlarımdan razıyam. Hamısı zəhmətkeş, ailəcanlı, böyük-kiçik yeri bilən insanlardı. Bu da onlara verilən tərbiyədən irəli gəlir. Çox çətinliklə böyüyüblər.
Ali təhsilim olmasa da, uşaqlara bütün dərslərində kömək edirdim. Gündüzlər kolxozun işinə gedir, axşamlar isə uşaqların dərsləriylə məşğul olurdum.
Qurban rayona gələndə onunla o ki var dərdləşirik. Axırıncı dəfə “Simurq”la oyunda gəlmişdi. Belə götürəndə demək olar ki, hər gün telefonla danışırıq. Futbol oynayanda da ona görə çox narahat olurdum. Ancaq məşqçi kimi çalışanı daha çox stress keçirməyə başlamışam. “Qarabağ” uduzanda gözümün yaşını saxlaya bilmirəm”.