Səyyar ASAN belə işləyir – FOTOREPORTAJ

Səyyar ASAN belə işləyir – FOTOREPORTAJ
  09 Yanvar 2015    Oxunub:18519
Səyyar ASAN Xidmətin necə işlədiyini praktikada yoxlamaq üçün AzVision.az bir eksperiment keçirib.

Xanım əməkdaşlarımızdan biri ASAN Xidmətin 9108 nömrəsinə zəng vuraraq, bildirdi ki, ona təcili olaraq xarici pasport lazımdır, amma xidmət mərkəzinə gəlmək üçün vaxtı yoxdur.

ASAN Xidmətin zəngə cavab verən operatoru əməkdaşımıza bildirdi ki, sabah xidmətin əməkdaşları saat 11:00-dan 17:00-dək bizim seçdiyimiz vaxtda ofisimizə gələ bilərlər. Biz saat 12:00-da gəlmələrini xahiş etdik.

Operator bunu da dəqiqləşdirdi ki, xarici pasport istəyən əməkdaşımızın Bakı qeydiyyatı varmı? Çünki hazırda bu xidmət hələ ki ancaq Bakı və Naxçıvan qeydiyyatı olan şəxslərə göstərilir. Amma yaxın zamanlarda bütün Azərbaycan əhalisinə şamil ediləcək.

Operatordan xarici pasport almaq üçün hansı sənədlərin lazım olduğunu soruşanda, bəlli oldu ki, yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.

Qeyd edək ki, ASAN Xidmətin 9108 nömrəsinə həm mobil, həm də stasionar telefonlardan zəng vurmaq olur. Biz bunu da yoxladıq, “işlədi”.

Həqiqətən də, səhəri gün düz 12:00-da Səyar ASAN Xidmətin iki əməkdaşı ofisimizə gəldilər. Onlar özlərilə şəkil çəkmək və biometrik göstəriciləri götürmək üçün lazım olan avadanlıqları da gətirmişdilər.



Əməkdaşımızın əvvəlcə imzası, sonra barmaq izləri götürüldü, sonra şəkli çəkildi. Bütün bu proseslər birlikdə uzağı 10 dəqiqə çəkdi.



Bizə bildirdilər ki, xarici pasportu səhəri gün almaq üçün 160 manat ödəmək lazımdır. Əgər pasportu 5 günə almaq istəsək 80 manat, 10 günə götürsək, 40 manat ödəməliyik.



Pasportu götürməyə gəlincə, bunu sizin istəyinizdən asılı olaraq, Səyyar ASAN-ın əməkdaşları evə, yaxud ofisə çatdıra bilərlər, ya da özünüz gedib Xidmət Mərkəzindən götürə bilərsiniz.



Belə variant da mümkündür ki, siz biometrik göstəricilərin götürülməsi üçün Mərkəzə gedirsiniz, sonra pasport hazır olanda onu lazım olan yerə çatdırırlar.

Biz hazır pasportun 10 günə ofisə çatdırılması variantını seçdik və 90 manat ödədik. İşi çox olan adamlar üçün vaxt puldan qiymətlidir!..

Qeyd edək ki, I dərəcəli əlilliyi olanlara xidmət pulsuz göstərilir. Bu da sosial ədalətin bərpa olunmasnın bir yoludur...

Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti