"Charlie Hebdo"dan təxribatçı anons: "Yenə təhqir edəcəyik"
Xəbərə görə, ön səhifədə yaşıl fonda ağ paltar geyinmiş İslam peyğəmbəri üzüntülü şəkildə “Je suis Charlie” plakatını tutub. Bunun üzərində isə qara hərflərlə “Tout est pardonne” ("Hər şey bağışlandı") yazılıb.
Qeyd edək ki, jurnalın yeni nömrəsi yanvarın 14-də işıq üzü görəcək. "Charlie Hebdo"nun adi tirajı 60 min olduğu və yarısı satıldığı halda jurnal bu günə kimi görünməyən tirajla - 3 milyon ədəd nəşr olunacaq.
Xatırladaq ki, bundan əvvəl jurnalın vəkili Rişar Malka nəşrin yeni sayının Məhəmməd (s.) peyğəmbərin şəkli, eləcə də din və siyasətə yönəlik digər ironiyalarla dolu olacağını bildirib.
“Əlbəttə ki, biz geri çəkilməyəcəyik. Əks təqdirdə bütün baş verənlərin heç bir mənası olmazdı” - deyə vəkil vurğulayıb.
Onu da qeyd edək ki, redaksiyada bu nömrəni “sağ qalanların nömrəsi" adlandırırlar. Belə ki, bu nömrə üçün kənardan heç bir jurnalist cəlb etmədən, redaksiyaya olan hücumdan sağ qalanlar işləyəcək (ANS).