Sevgi və “ayıb” işlər

Sevgi və “ayıb” işlər
  13 May 2013    Oxunub:3161
Sevinc Fədai

Deyir, kimdə nə yoxdur, ondan danışar. Amma belə görürəm ki, bizdə bir az dolaşıqlıq yaranıb, nəyin yoxluğunun fərqinə vara bilmirik.
Bəlkə də, bu barədə ən son söz söyləyəcək adam mənəm, ona görə də, “kusuruma bakmayın”. Ancaq ürəyimiz sevgidən yağır olacağı halda gözümüz “seks”dən oxumaqdan, qulağımız “seks” barədə eşitməkdən yağır olur, görürsən ki, yox, nəsə çatışmır.

Əslində hamı elə bilir ki, bugünkü cəmiyyətdə problem sadəcə hələ azad seksə hazır olmamaqdır, bunun hələ də qınaq obyekti olmasıdır. Amma hələ buna hazır olmaq məsələnin ikinci yanıdır. Bir yerdə ki, insan ürəyilə sevir, ağlıyla evlənir, cinsiyyət orqanıyla zorlayır, o cəmiyyətdə nəinki azad seksdən, heç onun “s” hərfindən danışmağa dəyməz. Bu, sadəcə çərənçilikdir.

Əvvəlcə bütün qadınlığınla, kişiliyinlə sevəcəksən, onun olacaqsan, dolduracaqsan bütün ürəyini, insanlığını sevginizlə. Sevgi aclığını doydurub insan kimi yaşamağa başlayanda, əlini sol yanına qoyanda orda yalnız bioloji orqan olan ürəyin yox, bir qəlbin var olduğunu duyanda sonrasını düşünməyə dəyər. Yox, sən ey KİŞİ, hələ də sevgini “təmiz” qıza verib, onu “toxunulmaz” hesab edəcəksənsə (ki...toxunmağa qoydusa, o, sənin arvadın ola bilməz axı), “ayıb” işlərini də fahişə qapısında növbəyə durub pul sayaraq eləyəcəksənsə, onda nə olar, sus.

Sənsə, ey QADIN hələ də, “səni alacaq” oğlana, sözün əsl mənasında, hər şeyini qurban verəcəksənsə (ki... səni evdə qalmaqdan xilas etsin təki), ancaq məclislərdə, məhəllədə səndən ağıllısı, əxlaqlısı olmayacaq, sən bir az yaşamağa çalış hələ, nəfəs alıb-verməyə, yemək yeyib aclıqdan ölməməyə, qonşudan geri qalmamaq üçün ərə getməyə yox, YAŞAMAĞA...

Ataq bu oğurluğun daşını, o daş ki, başımıza düşür, ruhumuza düşür sonra. Axı bir-birimizin içindəki qadını oğurlayırıq, kişini oğurlayırıq, oğurlamaqla qalmayıb, öz əllərimizlə boğub öldürürük. Gələcəyə yarımçıq insanlar miras qoyuruq. Hansı ki, kimlərsə onun qoynuna sığınmaq istəyəcək, onda istilik, doğmalıq, sevgi, qayğı axtaracaq. Amma oğurlanan insanda, yarımçıq insanda sevgi olmaz, doğma ola bilməz o insan. Bütöv olmayacaq o, ya ürəyi olmayacaq, ya beyni, ya da...

Sizin düşündüyünüz baxımdan bakirə olmayan qadın sabah sağlam bir insan ola bilər. Ancaq vallah ürəyi, ruhu, beyni zorlanmış qadın sabah heç insan olmayacaq.

Sözlə, hisslə təpiklənən, tikə-tikə olan qadından, kişidən, kirlənmiş ruhdan təmilzik, bakirəlik gözləməyin və ya bakirəlik axtarmaq əvəzinə ruhları kirlətməyin, şikəst etməyin. Susun, heç nə deməyin, heç nə etməyin. Ad qoymayın münasibətlərə - sevəcəyim adam, evlənəcəyim adam, yatacağım adam... və s. Bir sığaldadır, sevgi dolu baxışdadır, toxunuşdadır, sükutdadır bütün günahları yumaq... Sadəcə... Sevin... sevin... sevin... unudun cinsiyyətinizi, kimliyinizi... özünüzü sevin, onu sevin, onları sevin... Bir yerdə bədbəxt olacağınız adamları belə sevin, xoşbəxtlik olan yerdə axtarmayın sevgini. Sevgi olmayan yerdə cılızdır bütün istəklər, sözlər...

Bizdə SEVGİ yoxdur, bir az da sevgidən danışaq...


Teqlər:  





Xəbər lenti