Bakıda Ukrayna idmançılarının fan-klubu yaradıldı
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə yaradılan Fan-Klub həm Bakıya gələcək ukraynalı idmançılara dəstək verəcək, həm də Bakı 2015 Avropa Oyunlarının Ukraynada təbliğatını aparacaq.
Hazırda Bakıda səfərdə olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov AzNews.az-a bildirib ki, bundan sonrakı fəaliyyətləri mərhələli şəkildə olacaq və ilk növbədə Fan-Kluba Azərbaycanın tanınmış mədəniyyət, incəsənət, media və idman sahəsində fəaliyyət göstərən şəxsləri cəlb edəcəklər: “Düşünürük ki, Ukrayna idmançıları Bakıda - öz evlərində oynayacaqlar. Bizim ölkə qonağa hər zaman yüksək hörmət və ehtiram göstərib. Bu məqsədlə Bakıda bir sıra görüşlər keçirdik, Azərbaycanın tanınmış adamlarının bu Fan-Kluba dəstək vermələrinin razılığını aldıq”.
H.Cavadov əlavə edib ki, ukraynalı idmançıları dəstəkləyəcək azərbaycanlı Fan-Klub üzvləri üçün Bakıda 500-dən çox bayraq sifariş veriblər. Onun sözlərinə görə, belə olan halda ukraynalıların oradan Bakıya bayraq gətirmələrinə də ehtiyac qalmayacaq: “Əlbəttə, tədbirlərimiz bununla yekunlaşmır. Bakı 2015 Avropa Oyunlarını Ukraynada təbliğ etmək və ölkəmizə turist cəlb etmək üçün Kiyev başda olmaqla digər şəhərlərdə piar kampaniya aparacağıq. Düşünürük ki, Bakı 2015 Avropa Oyunları Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi olan Bakı müasir Avropanın həyatındakı rolunu əks etdirəcək, o cümlədən yarışlarda iştirak edəcək bütün idmançıların qürur hissi duymasına səbəb olacaq”.
Diaspor rəhbəri hesab edir ki, Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada təbliğ edilməsi üçün tarixi şans yaradıb: “Əlbəttə, bu şansdan yararlanmaq üçün Azərbaycan hökuməti, aidiyyəti qurumlar öz işlərini görürlər və mənim bildiyimə görə, bir çox maraqlı layihələr var. Lakin hesab edirəm ki, diaspor təşkilatları da bu prosesdə fəal iştirak etməlidir. Diasporlarımız fəaliyyət göstərdikləri ölkələrin idmançılarına bu cür dəstək kampaniyası təşkil etməklə, onların Bakıda özlərini evlərindəki kimi hiss eləməyə yardımçı olmaqla yanaşı, həmin ölkə vətəndaşlarının Azərbaycanla bağlı fikirlərini müsbətə doğru dəyişmək imkanı qazanır. Nəzərə almaq lazımdır ki, biz müharibə şəraitində yaşayırıq və torpaqlarımızın bir hissəsi hələ də düşmən işğalındadır. Onu da bilirik ki, işğalçı dövlət özünün “yazıq” obrazını yaratmaq üçün çox güclü təbliğat maşınını işə salıb, Azərbaycanın imicinə zərbə vurmaqla məşğuldur. Hesab edirəm ki, biz ayrı-ayrı ölkələrdə Bakı 2015 Avropa Oyunlarının təbliği ilə düzgün məşğul olsaq, bu “maşının” qarşısını müəyyən qədər ala bilərik, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına nail olarıq. Bütün bunları nəzərə alaraq, mən fəaliyyət göstərdiyim Ukraynada belə bir layihəyə start verdim. Bu işə bütün diaspor təşkilatlarını dəvət edirəm və Azərbaycan mediasından, tanınmış insanlarda dəstək istəyirəm. Düşünürəm ki, bu aksiya həmçinin qardaş Ukraynanın çətin günlərində ona dəstək də ola bilər”.
Teqlər: