“Charlie Hebdo” 10 milyon dollar qazandı
Məlumata əsasən əvvəlki 60 min tiraja nisbətən jurnalın yeni nüsxəsi 3 milyon tirajla çap olunub. Lakin jurnala həddən artıq tələbatın olması nəzərə alınaraq onun tirajı 5 milyona qədər yüksəldilib. Ölkədə ən böyük üç nəşriyyat bu işə cəlb olunub.
“Charlie Hebdo”nun yeni nüsxənin ilk satış günündən əldə olunan gəlir 8 milyon avro olub.
Bu günlərdə həmçinin satirik jurnala olan abunəlik göstəriciləri də kəskin şəkildə artıb. Əgər əvvəl “Charlie Hebdo”ya 7 min nəfər üzv idisə, Parisdə törədilən terror aktından sonra bu jurnala üzv olan şəxslərin sayı 120 minə çatıb.
Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.
Bu arada yanvarın 8-i naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
Eldar Tanrıverdiyev