Siz kəsdiyiniz başları sayın, görün, Qərb nə sayacaq!

Siz kəsdiyiniz başları sayın, görün, Qərb nə sayacaq!
  16 Yanvar 2015    Oxunub:4566
Seymur Süleymanov

Dünyanın diqqəti hələ də `Charlie Hebdo` terrorundan ayrılmayıb. Fikirlər haçalanır: əksəriyyət terroru qınayır, bəziləri isə haqq qazandırmaqdan belə, çəkinmirlər. Yəni qoy dərs olsun. Mən özüm birincilərdənəm, bununla belə, bəzi nüanslara diqqət yetirməyi vacib sayıram.


Bu terroru törədənlərin mağarada yaşayan insanlardan fərqi yoxdur. Olmayan beyinlərinə bir balaca əziyyət verib düşünsələr, görərlər ki, belə məsələləri silah yox, hüquq yolu ilə həll etmək mümkün və lazımdır. Həm də ancaq və yalnız! Hadisələrin inkişafı göstərdi ki, silah bu məsələdə çözüm yolu deyil – adi hallarda 60.000 satılan jurnal terrordan sonra 5 milyon satıldı.

Əgər bu terroru edənlər həqiqətən müsəlmandırlarsa, o zaman böyük səhv ediblər. Çünki onsuz da Avropada ölkələrində islamofobiya vardı, müsəlmanlardan zəhlələri gedirdi. Bu hadisə ancaq onların işinə yaradı.

Dünyaya İslam dinini çirkin, müsəlmanları vəhşi kimi göstərən elə bu terroru edənlərdir. Belələrinin üzündən artıq İslam `terror dini` sayılır. Bu cür vəhşilər kəsdikləri hər baş ilə İslama daha bir ləkə vururlar. Bu qüvvələr əslində İslam üzərindən biznes yeridirlər. Bu yerdə ortaya hamımıza dəxli olan vacib bir nüans çıxır.

Biz dindarlıq edərkən, hətta Quran oxuyarkən ancaq öz maraqlarımızı güdürük! İslamın ictimai əsaslarını rədd elədiyimiz üçün, onu eqoizm dininə çeviririk.

Biz müsəlmanlar hansısa məsələni həll etmək lazım gələndə, çıxış yolunu bıçaqda, baltada, baş kəsməkdə gördüyümüz üçün islam kənardan vəhşilik kimi görünür. Biz özümüz tolerant olsaq, Qərb heç vaxt İslamın haqqında pis söz deyə bilməz.

Terrordan sonra Parisdə keçirilən yürüşlə fransızlar dünyaya “Biz Birik!” mesajını verdilər. Biz isə heç cür bu birlik mesajı verə bilmirik! Bax, fərq bundadır! Elə buna görə də Qərbə uduzuruq.

Hamı bilir ki, Fransa ermənipərəst siyasət yeridir. Bir çox məsələlərdə Fransanın tutduğu mövqe bizim dövlət maraqlarımızla üst-üstə düşmür. Terrordan əziyyət çəkən ölkələr çoxdur, ilk növbədə elə özümüz. Biz – yəni müsəlmanlar, uğradığımız terrora qarşı birləşə, dünyaya “Birik!” mesajını verə bilirikmi?

Yəqin ki, Qərb bundan sonra İslam dininə qarşı açıq-aşkar addımlar atacaq. Əvvəllər də edirdilər. Məsələn, ötən ilin dekabr ayının sonlarında Almaniyanın Drezden şəhərində 17 mindən çox insan küçələrə çıxaraq, İslam əleyhinə aksiyalar keçirmişdilər. Bundan sonra İslamın yayılmasına əngəl olmaq üçün əllərindən gələnin iki qatını edəcəklər. Məhz elə istədikləri də bu idi zatən.

Qərbdə İslamı qəbul edənlərin sayı, günü-gündən artırdı. İndi bu terroru əllərində bayraq edərək, orada yaşayan müsəlmanlara sərt əngəllər qoyacaqlar. Və beləliklə, Qərbdə `müsəlmanam` demək təhlükə olacaq. Bir sözlə, müsəlmanları Qərbdən silib atacaqlar!

Niyə? Çünki Qərbdən fərqli olaraq, Müsəlman dünyası hələ də Birlik Mesajını verə bilməyib. Heç nəyə baxmayaraq, verə bilməyib.

Siz kəsdiyiniz başları sayın, görün, Qərb nə sayacaq!


Teqlər:





Xəbər lenti