Gümrü hadisələrinin pərdəarxası - Sarkisyanın itməkliyi

Gümrü hadisələrinin pərdəarxası - Sarkisyanın itməkliyi
  17 Yanvar 2015    Oxunub:4346
İstər erməni, istərsə də xarici mətbuatda Gümrüdə baş verənlər və hadisələrin sonrakı inkişafı barədə çox şeylər yazırlar. Aydındır ki, gündəm hələ bir neçə gün də belə davam edəcək. Bir müddət sonra isə olaylara siyasi don geyindiriləcək, çünki bu elə həqiqətən də siyasi məsələdir. O vaxta kimi əlimizdə olanlara nəzər salaq.

Avetisyan ailəsində qətl, Ermənistan hökumətinin hadisəyə münasibəti, yanvarın 15-də keçirilən etirazlar, polislə qarşıdurma, daha doğrusu erməni polisinin vəhşiliyi göstərdi ki, Ermənistanda hökumət yoxdur. Başında Sarkisyan olan bir Qrup var ki, ölkədə sözü keçən bir –iki fəalı ələ alıb, hansısa bir vəziyə qoyub öz maraqlarını həyata keçirmək üçün işlədir. Bu qrupun muzdluları - “müstəqil” media adı altında fəaliyyət göstərənləri, “qərbyönümlüləri” və özəl “müxalifətçiləri” də var. Onlar kleptokratiyanın sonuncu “bolşeviki” tərəfindən irəli sürülən “ömürlük hakimiyyət” layihəsi çərçivəsində su bulandırmağa çalışırlar.

Bir tərəfdən də Qrup rəhbərinin itməkliyi erməniləri narahat edir. Ölkədə o boyda qətl hadisəsi baş verib, xalq küçələrə tökülüşüb, ömürlərində bir dəfə haqqına nəsə tələb edirlər, Serj Sarkisyan isə ən-ənəsinə sadiq qalaraq ən lazımlı vaxtda yoxa çıxıb. O, heç quru başsağlığı da verməyib. Ermənilər belə düşünürlər ki, Serj yoxdur, çünki ya özünü prezident hesab etmir, ya da görür ki, ona ehtiyac yoxdur.

Əslində Serj itməyib. O sadəcə işini altdan-altdan görür. Onun dərdi Kreml dərdidir. Axı hesabat verməlidir. Amma Ermənistanın baş prokuroru Qevorq Kostanyanın Sarkisyanın əmri ilə cinayətkarı Rusiyaya təhvil verməkdə tələsməyi , hadisələrin gedişatı dəyişəndən sonra isə əksinə onu geri almaq, erməni hüquq-mühafizə orqanlarına təhvil vermələri üçün müraciət etməkdə gecikməsi işləri çətinə saldı. Belə ki, etirazçılar Kostanyandan izahat verməyəcəyi təqdirdə Sarkisyanın ortaya çıxıb hesabat verməsini tələb edirdilər. Odur ki, təzyiq altında qalan erməni prokuror bir də öz “funksiyalarını” unudub Rusiya baş Prokurorluğuna müraciət edəcəyinə söz verdi. Qaş düzəltdiyi yerdə vurdu Serjin gözünü çıxardı. İndi Serj qalıb neyləsin. Kremlimi seçsin, yoxsa özününkülərimi, bilmir. Odur ki, susur. Axı həm də “işlərbaşı” özüdür.

Xatırladaq ki, yanvarın 12-də səhər Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət Avetisyan ailəsi güllələnib. Güllə yarası alan ailənin 5 nəfəri yerindəcə keçinib. Bir azyaşlı körpə isə yaralı halda xəstəxanaya çatdırılıb. Hərbçi cinayəti törətdiyini etiraf edib və indi o, Rusyanın Gümrüdəki hərbi bazasında saxlanılır. Onun hər hansı psixoloji xəstəliyinin olub-olmamasını ekspertiza müəyyən edəcək.

Xüsusilə qeyd etmək lazımdır ki, Gümrüdə baş vermiş qətl hadisəsindən sonra yaranan qarşıdurmaların səbəbi məhz Sarkisyanın davranışları və onun Rusiyanı razı salmaq qərarı oldu.

Sarkisyançılar mətbuatda “qebbelsayağı” təşviqat- təxribat işləri apararaq, diqqəti yayındırmağa çalışırlar. Qətli törədəninin niyə məhz Türkiyə sərhədində yaxalanmasına və ya ermənilər tərəfindən deyil, ruslar tərəfindən saxlanıldığına diqqət çəkirlər.

Sarkisyanın muzdlu mətbuatının əsas hədəflərdən biri də ölkədə açıq-aşkar fəaliyyət göstərən “5-ci kalondur”. Mətbuat yazır ki, bu dəstə təmsilçiləri Ermənistanın daxili problemlərini geosiyasi arenaya çıxarmaqla antirusiya isterityası yaratmağa çalışırlar, yəni daxildən hansısa bir qüvvə Gümrüdə təxribat törədərək məqsədli şəkildə qarşıdurmalara səbəb olub. Amma bunu yazan Sarkisyançılardır və qeyd etdiyimiz kimi burada da məqsəd diqqəti Sarkisyandan çəkindirməkdir. Səbəbkar odur.

Bir sözlə, Gümrü hadisələri Sarkisyanın növbəti uğursuzluğudur. Onun yürütdüyü daxili və xarici siyasət sayəsində Ermənistan hörmətsiz və cılız bir ölkəyə çevrilib. Ölkə elə bir vəziyyətdədir ki, kiçik bir qığılcımdan böyük partlayış baş verə bilər. Gümrü olayları bunu bir daha sübut etdi.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti