`ABŞ-ın Azərbaycana məsləhət verməyə mənəvi haqqı yoxdur`

`ABŞ-ın Azərbaycana məsləhət verməyə mənəvi haqqı yoxdur`
  19 Yanvar 2015    Oxunub:3377
AzVision.az “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin Analitik Qrupunun Azərbaycan-ABŞ münasibətlərilə bağlı hazırladığı analitik yazını təqdim edir.

Son dövrlər ABŞ-Azərbaycan münasibətlərində bir durğunluq hiss olunur ki, bunun da öz səbəbləri var. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin Analitik Qrupu olaraq, hesab edirik ki, münasibətlərin bu səviyyəyə gəlib çatmasında məsuliyyət ABŞ hökümətinin üzərinə düşür.

ABŞ hökümətinin dəfələrlə bəyan etdiyi münasibət ondan ibarətdir ki, guya onlar Azərbaycan dövlətinin beynəlxalq imicinin qeydinə qalmaqla, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin yaxşı olmağını və bununla da guya demokratik bir tərəfdaş olmasını istəyirlər. Yumşaq desək, bu tezis gülüncdür. Birincisi, biz hələ indiyədək ABŞ-ın hansisa ölkənin beynəlxalq imicinin qeydinə qalmasının şahidi olmamışıq. Ən azından ABŞ heç olmasa öz imici barədə narahat olmalı idi. ABŞ-ın Yaxın Şərq siyasətinə fikir versək, aydın olar ki, o, başqa ölkənin yox, ilk növbədə özünün beynəlxalq imicinin qeydinə qalmalıdır.

İkinci məsələ - guya yalnız demokratik ölkələrin ABŞ-ın tərəfdaşı qismində çıxış etməsinin mümkünlüyü tezisi də tez-tez səslənir. Lakin biz ABŞ-in tərəfdaşları siyahısına diqqət yetirsək, görə bilərik ki, həmin ölkələr siyahısında nəinki qeyri-demokratik rejimli, hətta dövlət quruluşunda ümumiyyətlə, seçki mexanizmi olmayan ölkələr də mövcuddur. Bu tezis də əslində kökündən yalnış və səmimilikdən uzaqdır.

Ümumiyyətlə, ABŞ yalnız bir halda Azərbaycanla münasibətlərini yaxşılaşdıraraq, dost məsləhəti vermək imkanına malik ola bilər. Əgər ABŞ höküməti ATƏT-in Minsk Qrupunun həmsədr üzvü kimi mediatorluq öhdəliklərini layiqincə yerinə yetirsəydi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun yerinə yetirilməsinə cəhd etsəydi, Ermənistanı aqressor kimi tanısaydı, ikili standartlar siyasətindən əl çəksəydi, bu gün etibarlı tərəfdaş kimi dostcasına Azərbaycandan insan hüquqları ilə bağlı məsələlərin birgə həllinə yardımçı ola bilərdi.

Lakin yuxarıda sadalanan öhdəliklərin ABŞ-ın həmsədr ölkə kimi yerinə yetirməməsi və bununla da Azərbaycanın ədalətli mövqeyinin hesaba alınmaması, ABŞ-ın Azərbaycana ölkənin inkişafı ilə bağlı hər hansı bir məsləhət verməyə mənəvi haqqının olmadığı kimi başa düşülməlidir.

Ümumiyyətlə, son dövlərdə biz müşahidə edirik ki, ABŞ digər ölkələrə nəinki dost məsləhəti vermək fikrində deyil, onlar hətta yalnız öz maraqlarını kobudcasına diqtə etmək siyasətinə daha çox üstünlük verirlər. Ola bilər ki, bəzi ölkələr iqtisadi, hərbi zəiflik, siyasi asılılıq səbəbindən və ya digər səbəblərdən ABŞ-ın bu davranışını məqbul sayır və öz siyasətini buna uyğun həyata keçirir. Lakin Azərbaycan, tam əminliklə söyləmək olar ki, bu zəif ölkələrin siyahısına daxil deyil və yalnız Azərbaycan xalqının marağına uyğun olaraq, müstəqil siyasət həyata keçirmək iqtidarında olan bir ölkədir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin Analitik Qrupu


Teqlər:





Xəbər lenti