Sabiq nazirlər bəraət aldı - qutudan yenə pul çıxdı
Parlamentdə keçmiş 4 nazirin hər biri üçün ayrılıqda gizli səsvermə keçirilib. Beləliklə, səsvermənin nəticələrinə görə, onların heç biri qaçaqmalçılıq və rüşvət vermək iddiası ilə bağlı Ali Divana göndərilməyəcək. Səsvermədə 515 millət vəkili iştirak edib, onlardan 288-i nazirlərin Ali Divana göndərilməməsinə səs verib.
Parlmentdə Ərdoğan Bayraqdarla bağlı sonuncu səsvermədən sonra səslər sayılıb Qutulardan birindən 50 türk lirəsinin çıxması deputatların gülüşünə səbəb olub. Daha sonra məlum olub ki, pulu səsvermə zərfinə Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Ayşə Nur Bahçekapılı qoyub. O sosial şəbəkədə yaydığı açıqlamada bunu belə izah edib:
“Pulu zərfə ona görə qoymuşam ki, səsimi etibarsız saymasınlar. Bu, demokratik etirazdır”.
Qeyd edək ki, 2013-cü il dekabrın 17-də İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar da var idi. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Z.Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri M.Gülər və şəhərsalma və ətraf mühit naziri Ə.Bayraqdarın adı hallanırdı.
Fatimə Kərimli
Teqlər: