“Zibil əlindən tərpənmək olmur” - Deputatdan təklif və şikayət

“Zibil əlindən tərpənmək olmur” - Deputatdan təklif və şikayət
  22 Yanvar 2015    Oxunub:2679
“Bakıda yeni tikilən binaların birinci mərtəbələrində kənd təsərrüfatı məhsullarının satışı üçün yer ayrılmalıdır”
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, millət vəkili Eldar Quliyev 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsi və bu müddət ərzində görüləcək işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan özünü birinci növbədə əsas ərzaq məhsulları ilə təmin etməlidir:

“Kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin etməliyik. Çünki dünyada ərzaq təhlükəsizliyi problemləri var. Ölkəmizdə neftdən sonra ikinci prioritet məsələ aqrar sahə sayılır. Aqrar sahənin də əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Hesab edirəm ki, ilk növbədə torpaqdan başlamalıyıq. Kənd təsərrüfatına dövlət ehtiyyatlarından bir az torpaq verilsin. Həmçinin torpaqlarımızın bir hissəi melorasiya və aqreqasiya olunmalıdır. Belə ki, şoranlaşmış torpaqlarımız var. Həmçinin kimlərəsə torpaq paylanıb və əkilməyib, həmin torpaq sahələrinin monitorinqini keçirmək lazımdır. Mütləq həmin torpaqlardan istifadə olunmalıdır. Həmçinin toxumçuluğu inkişaf etdirmək lazımdır ki, məhsuldarlıq artsın”.

Millət vəkili bildirib ki, məhsuldarlığın aşağı olduğu sahələrə xüsusi diqqət yetirilməlidir:

“Avropada hər bir iribuynuzlu heyvandan orta hesabla illik 10 min litr süd alınır. Biz isə 1500-2000 litr süd alırıq. Bu nəticə 5-6 dəfə aşağıdır. Bu baxımdan cins heyvanların ölkəmizə gətirilməsini təmin etmək lazımdır. Cənab prezident bu baxımdan bir neçə il öncə sərəncam verib. Almaniyadan, Hollandiyadan və s. ölkələrdən cins heyvanlar ölkəmizə gətirilib. Amma onların çoxu bizim iqlimə uyğunlaşa bilmirlər. Bu baxımdan mayalanmanı və doğuşa hazır olan heyvanları ölkəmizə gətirmək lazımdır ki, onlar bizim iqlimə uyğunlaşsınlar. Biz süd məhsulları ilə öz ölkəmizi 60 faiz təmin edə bilmirik. Süd məhsullarını kənardan alırıq. Bu da əsas məsələlərdən biridir. Ət məhsulları ilə isə təmin edirik”.
E.Quliyev qeyd edib ki, son vaxtlar Bakıda daha çox ərzaq yarmarkalar təşkil olunur. Onun sözlərinə görə, yarmarkalarda mənşəyi bilinməyən məhsullar deyil, ölkəmizdə istehsal olunan məhsullar satılır.

“Bunu daha da genişləndirmək lazımdır. Bir çox sökülən yerlərdə yeni binalar tikilir. Təklif edirdim ki, Bakıda yeni tikilən binaların birinci mərtəbələrində həmin kənd təsərrüfatı məhsullarının satışı üçün yer ayrılsın. Orada satış təşkil olunsun və gigiyenik cəhətdən də nəzarət olunsun. Digər tərəfdən insanların sağlamlıqları üçün problem yaradan məhsulların ora gətirilməsinin qarşısı alınsın. Belə ki, açıq havada məhsullar üçün də müəyyən problemlər yaranır. Həmin yerlər soyuducu ilə təmin olunsun və satıcılar da müəyyən geyimlərlə təmin edilsin. Bizdə yarmarkadan sonra zibilin əlindən tərpənmək olmur. Təmziliyi də təmin etmək lazımdır”.

Milli Məclisin üzvü bildirib ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahə ilə məşğul olanlar üçün marağı daha da artıracaq.

“İstəmərik ki, xaricdən kənd təsərrüfatı məhsulları alaq. Özümüzü bu məhsullarla təmin edə bilərik. Digər tərəfdən belə olarsa, qiymət aşağı olar. Həmçinin bununla bərabər emal müəssisələrini də nəzərdə saxlamlıyıq. Kənarda aldığımız bəzi məhsulları da özümüz təmin edə bilərik. Kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən qayğı daha da artırılacaq. Onlara şərait yaradılsın ki, onlar məhsullarını ölkə bazarına və xarici bazara çıxara bilsinlər. Öz yüksək istehsalımız ilə xaricdən gələn məhsulları azalda bilərik. Ona görə istehsalçıların marağını artırmalıyıq. Biz istehsalçılara və rayon icra hakimiyyətlərinə arzu edirik ki, birlikdə əlaqəli işləsinlər. Bu məsələdə kompleks yanaşma olmalıdır. Dövlət bu məsələyə necə kompleks yanaşırsa, hər bir rayonda da elə bir şərait yaratmaq lazımdır ki, lazım olan məhsullar istehsal olunsun”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti