Şura sədri böhtan və təhqirdən danışdı

Şura sədri böhtan və təhqirdən danışdı
  14 May 2013    Oxunub:1539
“Diffamasiya haqqın”da qanun qəbul olunarsa, 147 və 148 maddə problemi olmayacaq”.
“Bu internetlə bağlı məsələdir. İndiki şəraitdə internet cəmiyyətdə açıqdır”. Bunu AzVision.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov KİV-lərdə və ya internet informasiya resurslarında şəxsi təhqir etməyə və böhtan atmağa görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə münasibət bildirərkən deyib. Şura sədrinin sözlərinə görə, dünyada belə bir fikir olub ki, bir qism insan inerneti jurnalistika kimi qəbul etmirdi.

“Bir qism isə qəbul edirdi və deyirdi ki, onda klassik jurnalistikanın rolu nədən ibarətdir?. Artıq cəmiyyətin məlumatlandırılmasında internetin rolu böyükdür və elə düşünürəm ki, fərq yoxdu qəzet, jurnal, internet olsun, jurnalist yanaşdığı fakta sayqı ilə yanaşmalıdır. İnsanların şərəf və ləyaqətini alçatmalı deyil”.

Həmçinin Ə.Amaşov bildirib ki, şura “Diffamasiya haqqın”da
qanun layihəsi hazırlayıb.

“Əsas vəzifəmiz həmin qanun layihəsini qəbul etməkdir. İnanmaq istəyirəm ki,bu ilin sonuna kimi Azərbaycanda “Diffamasiya haqqın”da qanun qəbul ediləcək. Həmin qanun qəbul ediləndən sonra qəzetdə və internetdə 147 və 148 maddə problemi olmayacaq”-deyə Mətbuat Şurasının sədri vurğulayıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə, cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunur. Burada böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulub. Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə tətbiq olunacaq. Layihə bu gün Milli Məclisin plenar iclasında qəbul olunub.

Anar


Teqlər:  





Xəbər lenti