Naxçıvan teatrının 50 yaşlı gənc aktyoru – FOTOLAR

Naxçıvan teatrının 50 yaşlı gənc aktyoru – FOTOLAR
  23 Yanvar 2015    Oxunub:5540
`Teatr` deyəndə ilk məqamda göz önünə aktyorlar, sonra rəssam və musiqi gəlir. Baxmayaraq ki, tamaşanın ərsəyə gəlməsində rejissorun da özünəməxsus rolu var.

Təbii ki tamaşaçı yaxşı aktyoru səhnədə görəndən sonra onun ifa etdiyi obrazı uzun müddət yaddan çıxara bilmir. Bu aktyor istedadlı və bacarıqlı olanda isə obrazı da, özü də tamaşaçının sevimlisinə çevrilir. Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov kimi.

Ona `gənc` deməyək, çünki bu ayın (yanvar 2015 ci il) 24-də 50 yaşını qeyd edəcək. Amma indiyədək çalışdığı Naxçıvan Dövlət Musiqili Dram teatrının səhnəsində oynadığı bütün obrazlar gənclik həvəsi və marağı ilə tamaşaçıya təqdim edilib.

Əbülfəz İmanov 1980-ci illərin sonlarında Mədəniyyət və İncəsənət universitetindən məzun olaraq Naxçıvan teatrına gəlib. Bu müddət ərzində oynadığı bütün obrazlara kolorit qatan Əbülfəzin canlandırdığı xarakterlər tamaşaçının uzun müddət yadından çıxmayıb. Hələ tələbəlik illərində sənət müəllimi gözəl aktyor, rejissor və pedaqoq Nəsir Sadıqzadə onun potensialını yüksək qiymətləndirib. Çünki tələbələrin hazırladığı bütün tamaşalarda ən yaxşı rolları o ifa edib. Məhz istedadına görə hətta bir dərs ilində universitetin ən yaxşı tələbə-aktyoru da seçilib.

Taleyini Naxçıvan teatrına bağlamaq isə uşaqlıq arzusu olub. Babək qəsəbəsində doğulan Əbülfəz orta məktəbdə oxuyan zaman bu teatrda oynanılan tamaşalara dəfələrlə baxıb. Deyir ki, İbrahim Həmzəyev, Əyyub Haqverdiyev, İsa Musayev, İbrahim Bənənyarlının yaratdığı obrazlar indi də gözümün qabağındadır. Hətta bu gün hansısa obrazı oynayanda fikirləşirəm ki, o dahi korifeylər bunu necə ifa edərdi? Təbii ki, bu da obrazı daha məsuliyyətlə, orijinal və maraqla oynamağa həvəs yaradır.

Mərhum rejissor Vaqif Əhmədovun səhnələşdirdiyi “Anamın kitabı” dramı 1993-cü ildə bakılı tamaşaçılara təqdim edilib. Maraqlıdır ki, daha böyük obrazlardan fərqli olaraq Əbülfəz İmanovun ifa etdiyi kiçik bir epizod – Mirzə obrazı teatr tənqidçilərinin daha çox diqqətini çəkib. Aktyor haqqında çox yaxşı fikirlər söylənib.



Sonralar teatrın səhnəsində oynadığı komediyalar Əbülfəz İmanovun bir komediya ustası kimi tamaşaçıya sevdirməyə başladı. “Arzum çin oldu” da Qırxanov, “Rus sayağı evlənmədə” Smirnov , “Müsyö Jordanın Qarabağ sərgüzəşti”ndəki Müsyö Jordan, “Xırs quldurbasan”dakı Tarverdi onun bu imkanlarından xəbər verir.

Aktyor istedadı və texnikasına sahib olan Əbülfəzin Naxçıvan teatrında səhnələşdirilən tarixi dram olan Nəriman Həsənzadənin “Atabəylər” əsərində oynadığı Əbubəkr, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsindəki Papaz, Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş ” əsərindəki Çiçerin, Nazim Hikmətin “Kəllə” pyesindəki Doktor, Əli Əmirlinin “Şah Qacar” əsərindəki Şeyx Cəfər Tonkabuni daha ciddi ifa tələb edən obrazlardır. Amma istedadlı aktyor bu məsuliyyətin öhdəsindən ustalıqla gəlməyi bacarır.

Müzəffər Nəsirlinin “Qönçəbəyim nəğməsi”ndəki Şamil xan obrazı əsərdə müəllif tərəfindən o qədər də qabarıq verilməyən bir şəxsdir. Amma Əbülfəz İmanovun ifasında bu obraz o qədər təbii alınır ki, o digər baş qəhrəmanlarla belə bir səviyyəyə qalxır. Bəlkə də onları üstələyir. Bir sözlə, Əbülfəz İmanov öz üzərində daim işləyən aktyordur.

Bütün bu zəhmətlərin qiyməti 2013-cü ildə verildi. Ölkə prezidentinin sərəncamı ilə ona Azərbaycan Respublikasının Əməkdar artisti kimi yüksək fəxr ad təqdim olundu. Buna qədər isə bir dəfə Prezident mükafatına layiq görülüb.



Əbülfəz əsl aktyordur. Bunu bütün sənət yoldaşları, onunla tərəf müqabili olanlar təsdiqləyə bilər. Çünki o özü tək oynamır, həm də tərəf müqabilinə oynadığı obrazın dərinliklərinə varmağa kömək edir. Bu isə teatr sənətində çox az aktyora nəsib olan bir xüsusiyyətdir. Çünki teatr sintez sənətdir və burda tək aktyor yoxdur, hamı- kollektiv, yaradıcı ansambl var.

Əbülfəz səhnədə sərbəstdir. Teatr aktyorları arasında bu gün də yarı ciddi, yarı zarafat bir ifadə var - “Tamaşa Əbülfəz səhnəyə çıxandan sonra başlayır”.

Həyatda səmimi insan olan aktyor səhnədə də bu səmimiliyi qoruyub saxlaya bilir. O, sənətkar kimi həyatı səhnəyə gətirməyi bacarır.

Əbülfəzin bir yaxşı, üstün cəhəti də sənətin sirlərini gənclərə öyrətməsidir. Onunla tərəf müqabili olan gənclərə rejissor mizanlarının mənimsənilməsində, qavranmasında kömək edir. Naxçıvan teatrında oynanılan hər bir tamaşa haqda mütləq söz deməyi, fikir söyləməyi xoşlayır. “Sözlərin düzgün və məntiqi vurğusuna xüsusi fikir verin. Onda hətta ən kobud ləhcə ilə danışan aktyorun bu qüsuru bilinmir” – bu da Əbülfəz İmanovun fikridir.



İndiyədək, öz yaşıma uyğun rollar oyanmışam. Bundan sonra isə yəqin ki, yaşın tələb etdiyi obrazlar yaratmaq zamanıdır. Çünki müasir tamaşaçını aldatmaq olmur. Qrim, plastika, geyim nə qədər kömək etsə də yaş öz sözünü deyir. Ona görə də, daha təbii alınması üçün yaşa uyğun rol lazımdır. Amma rejissor rol versə lap, 25 yaşlı sevgili-qəhrəman da oynaya bilərəm”—bunları da 50 yaşlı aktyor deyir.

Biz tamaşaçı kimi onun 50 yaşını təbrik edir, mədəniyyətimiz, teatrımız üçün fədakarlıqlarının davamını, həm də daha maraqlı, daha yaddan qalan obrazlarını yenə də gözləyirik. Necə deyirlər, “Təki ürək qocalmasın !”

Səməd CANBAXŞIYEV
Naxçıvan


Teqlər:  





Xəbər lenti