Leyla Əliyeva: “Sənətə həmişə həssas yanaşmışam”

Leyla Əliyeva: “Sənətə həmişə həssas yanaşmışam”
  15 May 2013    Oxunub:1801
Heydər Əliyev Fondunun, “Baku” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyanada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb.
Mayın 14-də Vyanada Heydər Əliyev Fondunun, "Baku" jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyana İncəsənət Tarixi muzeyində "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin rəsmi açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən Vyana İncəsənət Tarixi Muzeyinin sərgilərin idarə olunması şöbəsinin rəhbəri Kristian Hölzl bu sərginin Vyanada açılmasından məmnun olduğunu bildirib.

O deyib ki, Avstriya tarixinin qiymətli əsərlərinin qorunduğu bu muzey "Bakıya uçuş" sərgisini qəbul etməkdən şaddır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edib. Azərbaycanın tarixi və zəngin mədəniyyəti barədə danışan Leyla Əliyeva deyib ki, müsəlman aləmində ilk qız məktəbi Azərbaycanda yaranıb, Şərqdə ilk demokratik Respublika Azərbaycanda qurulub, Şərqdə ilk opera bizim ölkəmizdə səhnələşdirilib.

"Azərbaycanın paytaxtı Bakı müasirlik və qədimliyin sintezidir" - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti məhz buna görə də bu şəhərin bütün dövrlərdə insanlar üçün maraqlı olduğunu vurğulayıb.
Leyla Əliyeva "Baku" jurnalının fəaliyyətindən danışıb, bu jurnalın Azərbaycanın təbliğinə xüsusi diqqət göstərdiyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti sərginin əhəmiyyətini qeyd edərək deyib: "Əziz dostlar! Sənət, mənim həmişə həssaslıqla yanaşdığım sahədir. Mən çox şadam ki, bu sərgi Azərbaycandan olan istedadlı rəssamlara öz əsərlərini dünyaya nümayiş etdirmək üçün imkan yaradır. Bu sərgidə 21 rəssamın 100-dən çox əsəri təqdim olunur. Bura rəsm əsərləri, video instalyasiyalar, heykəllər və fotoşəkillər daxildir. Biz artıq bu sərgini Avropanın 5 paytaxtında - Londonda, Parisdə, Berlində, Moskvada və Romada təşkil etmişik. Şübhəsiz burada, Vyanada, qədim tarixə malik bu gözəl şəhərdə olmaqdan biz çox məmnunuq. Düşünürəm ki, bu şəhər Avropanın mühüm mədəni sütunlarından biridir".

Sərginin kuratoru Erve Mikaelof Avropanı gəzən bu sərginin Avstriyanın paytaxtı Vyanada açılmasından məmnun olduğunu deyibş və sərginin işinə uğurlar arzulayıb.

Daha sonra "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi ilə tanışlıq olub.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgini Şərqlə Qərb mədəniyyətlərinin qovuşmasının sintezi olan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar. Sərgidə Altay Sadıxzadənin, Leyla Əliyevanın, Müseyib Əmirovun, Adil Yusifin, Zərnişan Yusifin, Əliyar Əlimirzəyevin, Rəşad Ələkbərovun və başqalarının əsərləri üslubu ilə iştirakçıları özünə cəlb edir. Sərgidəki əsərlərdə incəsənətin, dövrümüzün aktual mövzularına toxunulur, eksperimental yanaşmalardan istifadə edilir. Bu əsərlər fərqli forma və rənglə diqqəti çəkir. Müasir incəsənətin bu maraqlı nümunələri qeyri-adi düşüncənin əksi olaraq, maraqlı işlənmə texnikası ilə seçilir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir.

Bununla yanaşı, sərgi Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində atdığı addımların nə qədər uğurlu olduğunu bir daha təsdiqləyir. Belə layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir.

Sərginin ovqatı həm də onu nümayiş etdirir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət olub, ölkəmizdə mədəniyyətin inkişafı, azad yaradıcılıq imkanlarının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Vyanada açılan "Bakıya uçuş" sərgisi mayın 26-dək davam edəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti