`Terrora ikili yanaşma olmamalıdır` - Qənirə Paşayeva
Bu gün AŞPA-da “Parisdəki terror hücumları: demokratik cavab naminə bir yerdə” adlı təcili müzakirələr çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva da çıxış edib.
- İlk öncə bir azərbaycanlı və müsəlman olaraq bir neçə gün öncə Fransada baş verən terror hadisəsini kəskin pislədiyimizi bildirir və Fransadan olan həmkarlarıma baş sağlığı veririk,- deyə xanım deputat bildirib.- Bizim ölkəmiz, Azərbaycanın prezidenti və xalqımız da bu hadisəni kəskin pislədi. Biz dünyanın heç bir yerində bu cür hadisələrin təkrar yaşanmaması üçün birlikdə çalışmalıyıq. Amma bu terroru İslam dini ilə bağlamaq istəyənlərə qarşı da öz kəskin etirazımızı bildirməliyik. İslam terrora deyil, sülhə çağıran bir dindir. Bəzi siyasətçilərin Avropada İslamafobiyanın artmasını surətləndirən çıxışları hamımızı ciddi narahat etməli, bunun Avropa məkanı üçün, hamımız üçün nə qədər böyük gərginliklər yarada biləcəyini düşünməli və bu kimi açıqlamalara öz kəskin etirazımızı bildirməliyik.
Qənirə Paşayeva bildirib ki, söz azadlığını dəstəkləməklə yanaşı, biz dini mənsubiyyətindən asılı olmayaraq insanları dini inanclarının təhqir olunmasına, aşağılanmasına da öz kəskin etirazımızı bildirməliyik: `Unutmamalıyıq ki, bu sadəcə gərginlikləri artıra, mədəniyyətlər və sivilizasiyalar arası dialoqa zərbə vura bilər. Eyni zamanda təşkilatımız və quruma üzr dövlətlər bu cür məsələlərə yanaşmada ikili standartlardan çıxış etməməlidirlər`.
Millət vəkili qeyd edib ki, hansı üzv dövlətin ərazisində baş verməsindən asılı olmayaraq, terrora qarşı, soyqırıma və qətliama qarşı eyni mövqe sərgilənməlidir. Amma təəssüf ki, biz bunu görmürük: `Çox təəssüf ki, Ermənistan tərəfindən Azərbaycanda törədilən terror aktları, soyqırımlar zamanı Avropa siyasətçiləri və liderlərinin bir çoxu buna özünün ciddi etirazını bildirən, etiraz edən, pisləyən açıqlamalar vermədilər. Assambleyamız və üzv ölkələr birlikdə çalışmalı və harada baş verməsindən asılı olmayaraq dinc insanları qətlə yetirənlərin layiq olduqları cəzanı almasına nail olmalıdır. Avropanın gələcəyi üçün bu cür yanaşma ortaya qoyulmalıdır. Eyni zamanda Avropada İslamafobiyanın, anti-semitizmin, rasizmin, tolererantsızlığın artmaması üçün birlikdə çalışmalıyıq`.
AzVision.az
Teqlər: