`Gənclər Strategiyasından gözləntilər çox böyükdür` – Əli Həsənov

`Gənclər Strategiyasından gözləntilər çox böyükdür` – Əli Həsənov
  29 Yanvar 2015    Oxunub:1756
Hər bir ölkədə müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı yüksək intellektə malik gənc nəslin yetişdirilməsindən, onların cəmiyyət həyatının bütün sferalarında fəal iştirakından birbaşa asılıdır. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var.

Bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində deyib.

O, bildirib ki, Prezident İlham Əliyev tərəfindən gənclərlə bağlı dövlət proqramları qəbul olunub və onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi uğurlar əldə edilib. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı artırılıb.

- Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf, təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, əldə olunan uğurlar, Azərbaycanın yeni inkişaf imkanları, habelə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar da gənclərlə bağlı yeni sənədlərin qəbulunu zəruri edir. Buna görə də ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” Prezident tərəfindən təsdiq olunub. Sənəddə gənclərin ayrı-ayrı sosial qruplarına münasibətdə hərtərəfli yanaşma formalaşdırmaq baxımından onların statusunu və identifikasiya meyarlarını müəyyənləşdirmək zərurəti yaranıb. Buna görə də ilk dəfə olaraq, Strategiyada Azərbaycan gəncliyinin müxtəlif sosial qrupları müəyyənləşdirilib.- deyə Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Strategiya 2015-2025-ci illəri əhatə edən dövrdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməyi, həmin potensialdan Azərbaycanın mənafeləri naminə istifadə etməyi, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmağı nəzərdə tutur. Gənclərin gündəlik qayğılarından tutmuş ictimai-siyasi proseslərdə fəal iştirakı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, məşğulluğun artırılması və digər bu kimi məsələlər Strategiyanın əsas vəzifələri sırasındadır. Nəzərdə tutulan hər bir vəzifənin arxasında ciddi fəaliyyət dayanır. Buna görə də gənclərlə işləyən heç bir qurum bu işdə yaxasını kənara çəkməməli, yeni nəslin hərtərəfli inkişafına səy göstərməlidir.

Strategiya gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlərin həyata keçirilməsini, televiziya kanallarında yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanmasını nəzərdə tutur. Sənəd, eyni zamanda, gənclər arasında ixtisas və peşə seçimini, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmağı, gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmağı, əlilliyi olan gənc mütəxəssislərin sosial müdafiəsini gücləndirməyi, gənclər üçün aktual olan məsələlərin həllində qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmağı, xarici ölkələrdəki gənclərimizin fəaliyyətinin əlaqələndirilməsini, onlar tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində aparılan işlərə dəstək verilməsini və digər məsələləri əhatə edir.

- Sözsüz ki, belə əhatəli sənəddən gözləntilər çox böyükdür. Eyni zamanda, görülən hər bir işin məntiqi sonluğu olmalıdır. Strategiyanın gənclərimizin sosial problemlərinin həlli, onların işsizlik səviyyəsinin aşağı salınması, təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, elm və texnika sahəsində çalışan gənclərin sayının çoxalması və digər sahələrdə əhəmiyyətli nəticələr verəcəyinə əminəm - deyə Əli Həsənov vurğulayıb.




Teqlər:





Xəbər lenti