Ağsu aşırımı ölüm saçır - Fotolar

Ağsu aşırımı ölüm saçır -  Fotolar
  01 Fevral 2015    Oxunub:3559
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımından keçən hissəsi qış aylarında sürücülər üçün təhlükə yaradır.
AzVision.az APA-ya istinadən xəbər verir ki, son vaxtlar Ağsu aşırımında torpaq sürüşməsi və irili-xırdalı çatlar əmələ gəlib.

Bəzi yerlərdə sürüşmə hələ də davam edir. Yolun bir yerində isə ərazi o qədər daralıb ki, iki avtomobilin yan-yana keçməsi təhlükəli olduğu üçün onlardan biri digərini gözləməli olur. Ağsu rayon 12 saylı Yol İstismar İdarəsinin iş icraçısı Eldar İsrafilov bildirib ki, bu aşırımda sürüşməyə əsas səbəb kimi yolun tektonik ərazidən keçməsi göstərilsə də, son vaxtlar bu yolda intensiv hərəkət edən yük maşınları torpaq sürüşməsini daha aktivləşdirir. O qeyd edib ki, bir neçə il əvvəl müvafiq komissiyanın üzvləri tərəfindən bu yola baxış keçirilərkən oradan ağır tonnajlı yük maşınlarının hər iki istiqamətə hərəkətinə qadağa qoyulsa da, sürücülər tərəfindən buna hələ də məhəl qoyulmur.

E. İsrafilov bu yolda olan problemlərdən xəbərdar olduqlarını və sürüşmənin aktivliyinə yük maşınlarının şərait yarardığını bildirib. O deyib ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147, 149, 151 və 153-cü kilometri daha çox sürüşməyə məruz qalıb. Bu yolda mütəmadi olaraq təmir işləri aparılır, duman və qarla əlaqədar yolda lazımi nişanlar quraşdırılıb, ağ xətlər çəkilib və yola nəzarət üçün növbəli iş qurulub.

Qeyd edək ki, Ağsu aşırımında ilk dəfə yol ötən əsrin əvəllərində salınıb. Sonra torpaq yola əsrin ortalarında asfalt örtük çəkilib. 14 kilometr uzunluğu olan yolda sonuncu dəfə təmir işləri 2008-ci ildə aparılıb. Yaxın vaxtlarda burada əsaslı təmir işlərinin aparılacağı gözlənilir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti