“Hamı bilir ki, Əli Kərimli hansı yuvanın quşudur`

“Hamı bilir ki, Əli Kərimli hansı yuvanın quşudur`
  02 Fevral 2015    Oxunub:2485
“Əli Kərimlinin fikirləri erməni lobbisinin, Azərbaycanı istəməyən dövlətlərin, ölkəmizə qarşı təzyiq göstərməyə çalışan beynəlxalq qurumların fikirləri üst üstə düşür. Yəni, bunlar eyni mənbədən istiqamətləndirilir”.

AzVision.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S.Novruz AXCP sədrinin hakimiyyətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərək deyilənlərin əsassız olduğunu bildirib:

“AXCP-dən istefa verən şəxslər də bildiriblər ki, Əli Kərimli Azərbaycan xalqının maraqlarının deyil, başqa-başqa dövlətlərin, qurumların, xüsusilə erməni lobbisinin maraqlarını həyata keçirməklə məşğuldur. O baxımdan, ölkədə görülən işlərə kölgə salmaq, mənfi fikir söyləmək, çox primitiv şəkildə, saxta rəqəmlərlə insanları çaşdırmaq bilavasitə həmin təxribatçı qrupların planının tərkib hissəsidir. Bu plana uyğun olaraq da, Ə.Kərimli öz şəbəkələrinə aid mətbuat orqanında guya ölkəmizin sosial-iqtisadi vəziyyətinə dair müsahibə verib. Əslində, ilk baxışdan belə görünür ki, kimlər tərəfindənsə hazırlanaraq onun adı ilə verilib. Yəqin, bu da yuxarıda adlarını çəkdiyim dairələrin işidir.

Təsəvvür edin, bütün dünya ölkələri maliyyə-iqtisadi böhranı etiraf edir, onun zərərlərindən danışır, amma Əli Kərimli sübut etməyə çalışır ki, dünyada iqtisadi böhran yoxdur. Hazırda bütün Şərqi Avropa, eləcə də Avropanın digər hissəsinə aid olan ölkələr böhran içərisindədir. Elə təkcə Yunanıstanı götürək ki, hansı vəziyyətdədir. Ən qədim Avropa dövlətlərindən biridir. Bu dövlətin iqtisadi böhran məngənəsində necə sıxıldığını az qala bütün dünyanın vətəndaşları bilir. Bəs Əli Kərimli kimilər bunu görmür?”-deyə deputat qeyd edib.

YAP rəsmisi hesab edir ki, Əli Kərimli çıxışları ilə ictimaiyyəti çaşdırmağa çalışır:

“Ə.Kərimli xeyli vaxtdır, Biləcəridən o tərəfə keçməyib, amma özünü elə aparır ki, guya hər şeydən xəbəri var. Mən Şərqi Avropanı qarış-qarış gəzmişəm. Buranın möhtəşəm paytaxtları bu gün Azərbaycanın bir regionunun mərkəzindən qat-qat aşağı səviyyədədir. O cümlədən, Baltikyanı ölkələrdə də belədir. Bu gün Azərbaycan həmin ölkələrə kredit verir, sərmayə yatırır, böyük layihələr həyata keçirir. Bunlardan danışmaq lazımdır. AXCP sədri bu faktları ya bilmir, ya da bilərəkdən qulluq etdiyi dairələrin tapşırığı ilə insanları aldatmaqla məşğul olur.
AXCP sədri bacarırsa, ölkəmizdəki sabitlik şəraitində hansısa proqramla çıxış etsin, amma bunu bacarmır. Xalq bilir ki, o, hansı yuvanın quşudur. Ona görə də, heç bir etimad göstərmir. Bu səbəbdəndir ki, bütün seçkilərdə biabırçı şəkildə uduzur. Özü də partiyanı tamam dağıdıb. Elçibəydən qalan partiyadan əsər-əlamət yoxdur. Ə.Kərimlinin partiyası bələdiyyə seçkilərində iştirak etmək iqtidarında olmadı. Bu vəziyyətdə olan adam durub Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatına dair fikir söyləmək istəyir. Amma çox primitiv şəkildə yanaşma tərzi ortya qoyur ki, bu da insanları çaşdırmaq məqsədi güdür”.

AzVision.az


Teqlər:



Xəbər lenti