“Anasını məcbur edir ki, mənə narkotik gətirin...”

“Anasını məcbur edir ki, mənə narkotik gətirin...”
  03 Fevral 2015    Oxunub:1857
“Ölkəmizdə narkotiklə bağlı həbs olunanların sayı ilk yerdə durur”.
Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib. Komitə sədri bildirib ki, müvəqqəti saxlanma yerlərində elə qadınlar var ki, İrandan külli miqdarda narkotik vasitələrin gətirilməsi ilə bağlı həbs olunublar:

“Hazırda Azərbaycanda həbs olunan şəxlərin yarıdan çoxu narkotik vasitələrin satışına və istifadəsinə görə saxlanılıblar. Mətbuatda özünüz də rast gəlirsiz ki, valideynlər cəzaçəkmə müəssisələrində olan övladlarına narkotik keçirən zaman saxlanılır. Bu fakt sübut edir ki, məhkumlar valideynlərini məcbur edirlər ki, onlara narkotik gətirsin, narkotiksiz qala bilmirlər”.

E.Behbudov bildirib ki, mütəmadi olaraq Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanma yerlərində olur. Onun sözlərinə görə, orada narkotik istifadəçisi kimi saxlanılan qadınlarda var.

“Baxırsan, nənəmiz yaşda qadınlar İrandan ölkəmizə narkotik keçirməyə görə həbs olunub. Ümumiyyətlə isə narkomanların sayından artım var. Elə qruplar var ki, gəncləri narkomaniyaya cəlb edirlər. Daxili İşlər naziri Ramil Usubovla görüşlərimizdə də narkomaniya ilə bağlı fikir mübadiləsi aparmışıq. Cənab nazir də bildirik ki, əsas göstəriş verilir ki, narkotiki yayan şəxslər həbs olunsun”.

Xatırladaq ki, ötən gün Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev çıxışı zamanı bildirib ki, Azərbaycan həbsxanalarında olan məhkumların 30 faizi narkotikdən istifadə edir. Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti narkotiki daşıyanlar və onu istehlak edənlərdi. Lakin onun yayımı ilə məşğul olanlar, yaxud da mütəşəkkil şəkildə bu cinayətlə məşğul olanları tutmaq olmur. Milli Məclisin üzvü çıxışında son zamanlar gənc qızların narkotika marağının artmasına da toxunub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti