Çingiz Əsgərov: Həsən Kərimovun iddiası əsassızdır

Çingiz Əsgərov: Həsən Kərimovun iddiası əsassızdır
  03 Fevral 2015    Oxunub:5330
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov AXCP üzvü Həsən Kərimovun ittihamlarına cavab verib.

Ç.Əsgərov H.Kərimovla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çıxardığı qərarın Azərbaycan hökuməti tərəfindən icra edilməməsi ilə bağlı deyilənlərin əsassız olduğunu bildirib.

Çingiz Əsgərov məsələ ilə bağlı bunları bildirib:

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinin “b” bəndinə müvafiq olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarından Böyük Palataya şikayət verilmədiyi halda, həmin qərar qəbul edildiyi gündən üç ay sonra qüvvəyə minir.

Eyni zamanda, Konvensiyanın pozulmasına görə kompensasiyanın təyin edildiyi Avropa Məhkəməsinin bütün qərarlarında göstərilir ki, cavabdeh dövlət təyin edilmiş kompensasiya məbləğini qərarın qüvvəyə minməsindən sonra üç ay müddətində ərizəçiyə ödəməlidir. Yəni, Avropa Şurasının hər bir üzv-dövləti Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyanı qərar elan edildiyi gündən altı ay müddətində ödəməlidir.

Həsən Kərimovun ərizəsi üzrə Avropa Məhkəməsinin qərarı 2014-cü il sentyabrın 25-də elan edilmiş, 2014-cü il dekabrın 25-də isə qüvvəyə minmişdir. Bununla da, Avropa Məhkəməsinin qərarında göstərilən kompensasiya 2015-ci il martın 25-dək ödənilməlidir.

Ümumiyyətlə qeyd edilməlidir ki, Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş kompensasiyalar Azərbaycan Hökuməti tərəfindən həmişə vaxtında ödənilir. Bu mənada qeyd olunan iş də istisna təşkil etməyəcəkdir”.

AzVision.az



Teqlər:  





Xəbər lenti