Deputatın “dana” sözünə DYP-dən cavab

  03 Fevral 2015    Oxunub : 5045
Deputatın “dana” sözünə DYP-dən cavab
“Hər bir yol patrul xidməti əməkdaşı gün ərzində 2 dəfə təlimatlandırılır”.
Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov ötən gün Milli Məclisin iclasında komitə sədri Eldar İbrahimovun yol polisi ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib:

“Gün ərzində iki dəfə nizami qaydada düzülüş olur. Səhər tezdən nizami qaydada düzülüş zamanı əməkdaşlar təlimatlandırılır. Eyni zamanda gecə növbəsi əməkdaşları üçün də təlimatlar aparılır”.

Xatırladaq ki, Milli Məclisində ötən gün keçirilən iclas zamanı “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Milli Məclisin üzvü Eldar İbrahimov Dövlət Yol Polisi əməkdaşlarının bəzi hallarda hazırlıqsız olmaları barədə qeydlərini dilə gətirib. Millət vəkili bildirib ki, DYP əməkdaşları qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalı, qanunun tələblərinə əməl etməlidirlər:

“Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, “bu kitabçadan hamıda var da”. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana” hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır”.

Anar Kəlbiyev

Teqlər: