Ordumuz müharibəyə hazırlaşır?

Ordumuz müharibəyə hazırlaşır?
  04 Fevral 2015    Oxunub:3054
Son günlər işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri intensiv formada silsilə təxribata əl atır. Düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhəddində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınır.
Rəsmi məlumata əsasən, yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, bir neçəsi də yaralanıb.

Bir neçə gün öncə də Qazax rayonunda düşmən tərəfinin təxribatının qarşısı uğurla alınıb. Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunu zərərsizləşdirib.

Təəssüflər olsun ki, Xocavənd rayonu ərazisində, erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması və düşmən tərəfindən atılan güllənin rikoşet etməsi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu dayaq məntəqəsində şəhid olub.

Bütün bunlardan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 5.000 nəfərədək hərbi vəzifəli və 300-ə yaxın avtomobil texnikası təlimdə iştirak edir.

Təlimlərlə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb. Müdafiə naziri görüşdə ciddi mesajlar verib.

Nazir bilidirib ki, düşmən son günlər daha da azğınlaşın. Buna baxmayaraq Azərbaycan Ordusu düşmənin istənilən hücumunu məhv etməyə qadirdir:

"Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu gün də davam edir. Silahlı Qüvvələrimiz bütün imkanlardan istifadə etməklə düşməni işğal olunmuş torpaqlarımızdan çıxarmağa qadirdir. Son zamanlar düşmən daha da azğınlaşıb. Amma Ermənistandakı hərbi xuntanın rəhbərləri bilməlidirlər ki, Azərbaycan Ordusu və Azərbaycan əsgəri onların layiqli cavabını verir və bundan sonra da verəcəkdir. Qısa bir müddət ərzində 20-dən çox işğalçı məhv edilib. Düşmənin onlarla yaralısı var. Silahlı Qüvvələrimiz də vətən uğrunda şəhid verib. Biz onların yaxınlarına və əzizlərinə baş sağlığı veririk. Xalqımız bilməlidir ki, şəhidlərin qisası birə on qat alınıb və bundan sonra da belə olacaqdır." – general qeyd edib.

Bu hadisələrin fonunda Ordumuzun döyüş hazırlığına gətirilməsi insanlar arasında müharibənin başlayacağı kimi fikirlər yaradır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, təlimlər zamanı hərbi birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə onların müharibə dövrünün ştatına uyğun komplektləşdirilməsi üçün ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri cəlb olunub:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fevralın 2-dən başlayan irimiqyaslı təlimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin respublikanın qərb bölgəsində yerləşən şöbə və bölmələri iştirak edib”.

Həmçinin qeyd olunub ki, hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin çağırılması, Silahlı Qüvvələrin hərbi hissələrinə, birləşmələrinə çatdırılması və təhvil verilməsi tələb olunan həcmdə və vaxtda, mütəşəkkil qaydada həyata keçirilib:

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna müvafiq olaraq bu işdə yerli icra hakimiyyəti orqanları iştirak edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə yaxından köməklik göstəriblər. Müvafiq icra hakimiyyəti orqanlarının birlikdə apardıqları təbliğat və maarifləndirmə işlərinin nəticəsi olaraq təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər üzərlərinə düşən vəzifələri yerinə yetirməyə yüksək hazırlıq və vətənpərvərlik ruhu nümayiş etdiriblər”.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti