Azərbaycanın AŞPA-da atdığı addımın pərdəarxası

Azərbaycanın AŞPA-da atdığı addımın pərdəarxası
  04 Fevral 2015    Oxunub:4875
Yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Azərbaycan Rusiyanın bu qurumda səsvermə hüququndan məhrum edilməsinin əleyinə səs vermişdi. Azərbaycanın birtərəfli qaydada Rusiyanı dəstəkləməsi həm ölkə daxilində, həm də regionda birmənalı qarşılanmayıb və müəyyən anlaşılmazlıqlar yaradır.

Bəzi müxalif mətbu orqanları bunu Azərbaycanın Qərblə münasibətlərinin sərinləşməsi ilə əlaqələndirir və Bakının Avropaya inteqrasiya yolunda geri çəkildiyini iddia edirlər. Güya Azərbaycan işğalçını dəstəkləməklə öz milli maraqlarının ziddinə gedir.

Xatırlatmaq yerinə düşər ki, Rusiya tərəfindən Krımın anneksiyasından sonra Azərbaycan BMT Baş Assambleyasında bu addımı pisləyən qətnamənin lehinə, Ermənistan isə əleyhinə səs vermişdi. Təbii ki, Azərbaycanın bu addımı Kremlin ürəyincə olmamışdı. Üstəgəl, Azərbaycanla Ukraynanın ənənəvi isti munasibətləri və Kiyev-Bakı yaxınlığının Avropaya inteqrasiya baxımından əhəmiyyəti danılmazdır. Bu kimi məqamları nəzərə aldıqda, Azərbaycanın nəyə görə strateji tərəfdaşı hesab olunan Ukraynanın və ümumiyyətlə, Qərbin xoş qarşılamayacağı bu addımı atması sual yaratmaya bilməz.

Ancaq elə son hadisələrin təhlili deməyə əsas verir ki, Azərbaycanın AŞPA-da Rusiyanın mövqeyini dəstəklənməsi çox uğurlu diplomatik gedişdir və ilk növbədə Dağlıq Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həllinə hesablanıb.

Öncə bildirək ki, Qərblə Rusiyanın münasibətlərində gərginliyin pik nöqtəsi yaşandığı məqamda Azərbaycanın Qərbin ziddinə getdiyi görüntüsünü yaradaraq, Rusiyanın tərəfini tutduğu görüntüsünü yaratması elə Moskvanın özünə sübut etdi ki, Bakı tam müstəqil siyasət yürüdür və kənardan diqtə olunan “tövsiyə”lərlə hərəkət etmir.

BMT-dəki səsvermədə Rusiyanın əleyhinə, indi isə lehinə səs verməklə Azərbaycan göstərir ki, hansısa dövlətin maraqlarına görə yox, doğru bildiyi prinsiplərə səs verir. AŞPA-dakı səsvermədə Rusiyanın tərəfdarlarının az olması Azərbaycanın Kreml üçün siyasi çəkisini artırır. Həm iqtisadi, həm siyasi cəhətdən Avropa tərəfindən təklənən Vladimir Putininin Azərbaycana siyasi inamı da artacaq. Əgər əvvəllər iqtisadi sanksiyalara görə Rusiya Azərbaycan və Türkiyədən asılı düşür və bir növ məcburən Ankara və Bakı ilə əməkdaşlığın vacibliyindən danışır, amma bununla belə, tarixi yaddaşdan irəli gələrək, tam etibar etmirdisə, bundan sonra bu inamsızlıq itəcək.
Bu gün Okeaniyada heç kimin tanımadığı hansısa mikrodövlətin siyasi dəstəyinə sevinən və bunu təbliğat predmetinə çevirən Moskva üçün Avropanın enerji təhlükəsizliyində strateji rola malik olan Azərbaycanın dəstəyinin nə dərəcədə əhəmiyyətli olduğu xüsusi vurğulanmalıdır.

Nəzərə alınmalıdır ki, məlum Permyakov olayından sonra Rusiyanın ictimai rəyində kəskin anti-erməni, ermənilərdə isə anti-rus əhvalının formalaşması fonunda belə bir hadısə baş verir. Bu hadisə Ermənistan-Rusiya münasibətlərinə ağır zərbə hesab oluna bilər. Çünki artıq ermənilər Rusiya hərbi bazasının ölkələrindən çıxarılmasını tələb edirlər. RBK telekanalının keçirdiyi sorğu bunu sübut edir. “Levada-sentr”in rəy sorğusu isə göstərir ki, rusların 42 faizi Permyakovun işinə məhz Rusiyada baxılmasının tərəfdarıdırlar. Yəni ruslar heç Permyakovu vermək istəmir, nəinki, bazanın çıxarılması. Məsələnin böyüməsi, Rusiya daxilində onsuz da mövcud olan milliyyətçi hisslərin ermənilərə qarşı yönəlməsinə səbəb olur. Təbii ki, həm Rusiya, həm Ermənistanda yaşayan sadə ermənilərdə də anti-rus meylləri baş qaldırmağa başlayır və hər iki ölkə daxilində müxtəlif miqyaslı etnik konfliktlərin baş verməsi mümkündür.

Məhz belə bir məqamda gözlənilmədən Azərbaycan AŞPA-da Rusiyanın lehinə səs verir və bununla da sıravi Rusiya vətəndaşının, yəni Rusiya ictimai rəyinin Azərbaycana qarşı mövqeyi müsbət mənada dəyişir. Nəzərə almaq lazımdır ki, Rusiya dövlət təbliğatınında bütün bəlaların günahkarı kimi Avropa ilə Amerika göstərilir və “Putinin düşmənlərlə mübarizəsində” Azərbaycanın kömək göstərməsinin piar baxımından yüksək effekti var. Demək, Putin ictimai rəydən asılı olan dövlət lideri kimi Azərbaycan faktoru ilə istər-istəməz ayaqlaşmalıdır.

Azərbaycan-Ermənistan təmas xəttində gərginlik mövcuddur və hansı tərəfin atəşkəsi pozduğu və kimin-kimə qarşı hücum etməsi barədə dəqiq məlumat yoxdur. Azərbaycanla Ermənistan mənbələri bir-birilə daban-dabana zidd informasiyalar verir. Lakin belə vəziyyətdə ermənilərin Rusiyada apardığı anti-Azərbaycan təbliğatı effektsiz olur. Rusiya ictimai rəyi Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə başlayır. Müharibə şəraitində və hətta Azərbaycanın mümkün hücum planı həyata keçirmək istəyi ərəfəsində bu faktor xüsusi əhəmiyyət daşıyır.

Prezident Serj Sarkisyan isə çıxılmaz vəziyyətə düşüb. Bir tərəfdən Permyakovun işinə Ermənistanda baxılmasına nail ola bilməyən prezident öz xalqının qınağı ilə üz-üzə qalıb. AŞ PA–dakı səsvermədə bitərəf mövqe sərgiləməklə Qərbə mesaj göndərir ki, güya hələ tam Moskvaya satılmayıb, paralel olaraq, bununla Permyakova görə Moskvaya öz narazılığını bildirir. Sarkisyan anlayır ki, qərbyönümlü ölkə müxalifəti Permyakov olayından lazımınca faydalana bilib və artıq əhali kütləvi şəkildə nəinki prezidentə qarşı çıxır, hətta, rusiyayönümlü siyasətdən əl çəkməyi tələb edir. Buna görə, prezident hakimiyyətini qorumaq üçün simvolik də olsa, Qərblə yaxınlaşmağa çalışır, eyni zamanda, Rusiya ilə əlaqələri üzmür. Moskva bunu görməyə bilməz və başa düşür ki, Yerevanın mərkəzi növbəti `Maydan`a çevrilə bilər. Buna görə Kreml bir tərəfdən Azərbaycan-Türkiyə ilə əməkdaşlığını qoruyub saxlamalı, digər tərəfdən Ermənistanın nəzarətdən çıxmamasını təmin etmək üçün yeni fəaliyyət planı hazırlamalıdır.

Tofiq Əsgərov
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti