İlham Əliyev: `Polad Bülbüloğlu ilə 40 ildir dostuq`

İlham Əliyev: `Polad Bülbüloğlu ilə 40 ildir dostuq`
  05 Fevral 2015    Oxunub:2982
“Mən çox şadam ki, Polad Bülbüloğlu öz yubileyini vətənində, dostları və yaxınlarının əhatəsində qeyd edir. Bu da bizim üçün, Bakı üçün xüsusi ab-hava yaradır. Düşünürəm ki, belə bir yubiley günündə bizim görüşümüz böyük əhəmiyyət kəsb edir”.

Bu fikirləri prezident İlham Əliyev Xalq artisti Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşündə deyib.

Ölkə başçısı çıxında bildirib ki, onu Polad Bülbüloğlu ilə 40 ildən artıqdır ki, dostluq əlaqələri birləşdirir.

“Demək olar ki, 40 ildir bir-birimizi tanıyırıq. O vaxtlar mən yeniyetmə idim, Polad Bülbüloğlu isə məşhur müğənni və bəstəkar idi. Mənim valideynlərim Polada səmimi münasibət bəsləyirdilər. Mən də həmişə ona belə münasibət bəsləmişəm. Sonradan Moskvada təhsil aldığım illərdə onunla mütəmadi ünsiyyətdə olmuşuq. Bu dostluğu uzun illərdir ki, davam etdiririk. Dünən söhbətimizdə qeyd etdiyimiz kimi, növbəti yubileyə qədər də tez-tez görüşəcəyik. Bu, mənim Polad Bülbüloğluna təqdim etdiyim ilk mükafat deyil, 10 il əvvəl ona “İstiqlal” ordeni təqdim edilmişdi, bu gün isə “Şərəf” ordeni təqdim edilir.

Polad Bülbüloğlunun yaradıcılığı hamıya yaxşı məlumdur. Bildirmək istəyirəm ki, onun yaradıcılığının milli köklərə yaxınlığı, eyni zamanda, keçmiş Sovet İttifaqı respublikalarında rəğbətlə qarşılanması məni daim heyrətə gətirirdi. Ona görə də hesab edirəm ki, Polad Bülbüloğlunun yaradıcılığı xalq yaradıcılığıdır. Onun yaradıcılığının kökləri Azərbaycan tarixinin ən dərin izlərinə gedib çıxır. O, böyük sənətkarımız, Azərbaycan xalqının fəxri olan, xalqımızın tarixində görkəmli ifaçı və vətəndaş kimi qalan müğənni Bülbülün ailəsində anadan olub. Təbii ki, bu, onun yaradıcılığına təsir göstərib. Onun mahnıları keçmiş Sovet İttifaqı məkanında hitə çevrilib. Əvvəllər belə termin işlədilmirdi, amma indi bu termini işlətmək olar, bu mahnılar indiyə kimi yaşayır. Xüsusi qeyd etmək istəyirəm ki, o, ancaq özünün bəstələdiyi mahnıları oxuması ilə unikaldır. Bu da bir daha onun istedadının dərinliyini əks etdirir. O, həyatı boyu sevimli işi ilə məşğul olur. Əsas da elə budur: həm musiqiçi, həm ifaçı, həm də yaradıcı insan və bu gün də Azərbaycanın Rusiyadakı səfiri kimi. Şadam ki, o, bu sahədəki fəaliyyətinə də yaradıcı yanaşır və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün çox işlər görür”.

Azərbaycanda həmişə sənətə və sənət adamlarına hörmətlə yanaşıldığını bildirən, yubiley tədbirində iştirak edən mədəniyyət və incəsənət xadimlərini ölkəmizdə görməkdən şad olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, Bakı həmişə dostlarını qəbul edən, ağuşunu onlara geniş açan, qonaqpərvərliyi ilə seçilən şəhər olub.

“Bu, hansısa təzahürün nümayişi olmayıb, sadəcə, bu, cəmiyyətin öz istəyindən yaranan müsbət duyğulardır. Bunu həm şəhərin, həm də insanların görünüşündən hiss etmək olar. Xüsusilə də belə bir mötəbər beynəlxalq, mədəni birliyin görkəmli nümayəndə heyəti təşrif buyuranda böyük məmnunluq duyulur. Buna görə də həmişə şadıq, tez-tez gəlin. Sizi görməyimizə şad olarıq. Bizdə hər il sizin də iştirak etdiyiniz Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Biz tez-tez həm də multikulturalizm mövzusunda tədbirlər keçiririk. Bu yaxınlarda mənim Fərmanımla, zənnimcə, dünyada hələ ki, yeganə olan Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bu mövzu çox vacibdir. Biz bu mövzu ilə hələ müasir təhlükələrin olmadığı bir vaxtda - cəmi bir-iki il bundan əvvəl təhlükələrin yaranmadığı dövrdən məşğul olmağa başlamışıq. Bəlkə də belə təhlükələr var idi, bundan xəbərdar olanlar az olub”.

Ölkə başçısı çıxışında həmçinin qeyd edib ki, mədəniyyətlərarası dialoq, bir ölkədə yaşayan müxtəlif xalqların, dinlərin və konfessiyaların nümayəndələri arasındakı münasibətlər uğurlu inkişafın rəhnidir.

“Buna görə də düşünürəm ki, Azərbaycanın bu istiqamətdəki irəliləyişi çox müsbət haldır. Təəssüf ki, biz başqa nümunələrə də rast gəlirik. Həm sərhədlərimizin ətrafında, həm Yaxın Şərqdə, həm də Avropada münaqişələr, düşmənçilik münasibətləri artmaqdadır. Çox vaxt bu cür münasibətlər müəyyən siyasi dairələr, bəzən media nümayəndələri tərəfindən süni şəkildə təlqin olunur. Biz öz cəmiyyətimizi və ölkəmizi bu cür meyillərdən qorumağa çalışırıq. Buna görə də mədəniyyətlərarası dialoq çərçivəsində keçirdiyimiz tədbirlər təkcə görkəmli xadimlərin formal toplantısı deyil, belə mərasimlər bizim cəmiyyətimizə müsbət ovqat bəxş edir. Çünki Azərbaycanın uğurlu inkişafı, ilk növbədə, insan potensialı deməkdir. Biz bu gün bu barədə danışmışıq. Tamamilə haqlısınız, bütün görülən işlərin, gördüklərinizin, gözə görünməyənlərin də əsasında insan kapitalı dayanır. Mən ilk çıxışlarımdan birində demişəm ki, biz nefti - “qara qızıl”ı insan kapitalına çevirməliyik. Biz bu istiqamətdə də işləyirik. Bu gün bizim iqtisadiyyatımızda neft əsas amil deyil, buna görə də digər sahələr artıq inkişaf etməkdədir. Tamamilə razıyam ki, bütün bunların əsasında cəmiyyətin mənəvi vəziyyəti və sağlamlığı durur. Buna isə yalnız bu cür ictimai həmrəyliklə nail olmaq mümkündür.

Əlbəttə ki, hər bir hökumətin və dövlətin öz siyasi xətti var, həmin siyasət də cəmiyyətin həyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Lakin ictimai rəy və cəmiyyətin nikbin əhval-ruhiyyəsi olmadan heç nəyə nail olmaq mümkün deyil. Buna görə də bugünkü tədbir multiplikativ effektə malikdir və cəmiyyətimizə müəyyən müddət üçün nikbinlik ovqatı bəxş edəcək.

Siz bayaq qeyd etdiniz ki, bu cür əlaqələri məhv etmək mümkün deyil, hərçənd belə cəhdlər olur. Biz isə Azərbaycanda buna yol vermirik, əksinə, əlaqələri möhkəmləndirməyə çalışırıq və istərdik ki, ən başlıcası sizin nümunənizdə gənclər ibrət götürsünlər. Çünki biz vaxtilə bir ölkədə yaşamışıq, bizi ümumi keçmiş, əlbəttə ki, hamımızın ünsiyyət saxladığımız rus dili birləşdirirdi. Keçmiş sovet məkanında yaşayan indiki nəslin nümayəndələri isə bizim nəslimiz kimi belə əlbir deyil. Bu da təbiidir. Buna görə də biz öz müsbət nümunəmizlə gələcək nəsillərə yaxşı siqnallar ötürməliyik. Çünki bundan heç kəs zərər görməyəcək. Əksinə, daha yaxşı olacaq. Çünki düşmənçilikdənsə dostluq və əməkdaşlıq daha yaxşıdır”.

AzVision.az


Teqlər:  



Xəbər lenti