Prezident su təminatı haqqında sərəncam imzalayıb

Prezident su təminatı haqqında sərəncam imzalayıb
  15 May 2013    Oxunub:1344
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, Sərəncamda deyilir:

Son illərdə Azərbaycan Respublikasında torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinə yararlı torpaqların genişləndirilməsi məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.

Hazırda tikilməkdə olan Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində daha 200 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, 50 min hektardan artıq torpaqların isə əkin dövriyyəsinə daxil edilməsi mümkün olacaqdır.

Təkcə 2005-2012-ci illərdə respublikanın 34 şəhər və rayonunun 407 yaşayış məntəqəsində 721 ədəd subartezian quyusu qazılmış, habelə 400 min nəfər əhalinin yaşadığı 221 kənddə sakinləri ekoloji təmiz içməli su ilə təmin etmək məqsədi ilə modul tipli sutəmizləyici qurğular quraşdırılıb.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əhalisi 310 min nəfərdən çox olan Respublikanın 29 rayonunun 104 yaşayış məntəqəsində (Siyahı əlavə olunur) əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün cari ildə subartezian quyularının layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2013-cü il.

AzVision.az


Teqlər:  





Xəbər lenti