ABŞ girovlara azadlıq tələb edir, amma...

ABŞ girovlara azadlıq tələb edir, amma...
  05 Fevral 2015    Oxunub:1730
Uorlikin girov mesajı, ABŞ-ın ikili siyasəti...
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Kəlbəcər girovlarına qarşı təşkil olunmuş "məhkəmə" ilə bağlı ABŞ-ın mövqeyini şərh edib.

Həmsədr Ermənistandan Şahbaz Quliyev və Dilqəm Əsgərovun Azərbaycana qaytarılmasını tələb edib.

Azərbaycana qarşı ikili mövqeyi ilə tanınan Uorlikin bu çıxışı da səmimi təsir bağışlamadı. Ekspertlər həmsədrin bu addımının siyasi şou xarakterli olduğunu hesab edir.

Girovların qaytarılmasını tələb edən ABŞ-ın faktiki olaraq bu məsələ ilə bağlı Ermənistana hər hansı təzyiq göstərməməsi Ağ evin hələ də ikili standartlardan çıxış etdiyini göstərir.

Politoloq Elxan Şahinoğlu da həmsədrin fikirlərini AzVision.az-a şərh edərkən deyib ki, əgər belə açıqlamaların davamı olaraq Ermənistana təzyiqlər göstərilməsə, onda bu fikirlər havada qalacaq.

Politoloq vurğulayıb ki, istənilən halda Uorlikin açıqlaması önəmlidir:

“Əslində Ceyms Uorlikin açıqlaması çox önəmlidir. Bundan öncə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar daha önəmli bəyanat səsləndirmiş, bildirmişdi ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu boşaltmalıdır. Ceyms Uorlikin açıqlaması ABŞ rəsmiləri tərəfindən ikinci ciddi açıqlamadır ki, Ermənistandakı Azərbaycan vətəndaşının girovluqdan azad edilməsini tələb edir. Amma önəmli olan bu açıqlamadan sonra Ermənistana təzyiqlərin artırılmasıdır. Əgər təzyiq artarsa, onda demək olar ki, ABŞ öz təsir vasitələrini işə salıb. Açıqlamalar havada qalacaqsa, bunun elə də ciddi əhəmiyyəti olmayacaq”.

Politoloq hesab edir ki, ABŞ Azərbaycana vədlər verir və ikili standart nümayiş etdirir:

“Vədlər verilir, masa üzərində plan var, amma Ermənistana heç bir təzyiq yoxdur. Hətta seperatçıların lideri Vaşiqntona gedib, görüşlər keçirir. Halbuki ABŞ Ukraynadakı separatçılara sansksiyalar tətbiq edir, onların hesabını dondurur, vizanı ləğv edir, digər tərəfdən isə qarabağlı separatçılara qapılarını açır. Belə açıqlama verilibsə, bunun ardı gəlməli, təzyiqlər olmalıdır” .

E.Şahinoğlu vurğulayıb ki, ATƏT-in Misnk qrupunda rusiyalı həmsədr də var, amma o, heç vaxt bu məzmunda açıqlama ilə çıxış etməyib:

“İstənilən halda Uorlikin açıqlamasını müsbət qiymətləndirirəm. Çünki Rusiya da həmsərhəddir, amma heç bir rusiyalı rəsmi birmənalı şəkildə deməyib ki, azərbaycanlı girovlar azad edilməlidir. Hansı rusiyalı rəsmi və ya diplomat indiyə qədər deyib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon azad edilməlidir? Bunu ABŞ-lı diplomatlar deyib, deməli onlarla əməkdaşlığı genişləndirib həmin açıqlamaların reallaşmasını tələb etmək lazımdır”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik azərbaycanlı girovların geri qaytarılmasını tələb edib və bildirib ki, belə humanist addım tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti