Əsgər özünü güllələyib - Rəsmi AÇIQLAMA

Əsgər özünü güllələyib - Rəsmi AÇIQLAMA
  05 Fevral 2015    Oxunub:2732
Azərbaycan Respublikası Hərbi Prokurorluğu əsgərin komandiri tərəfindən güllələndiyi iddia olunan hadisə ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Hərbi Prokurorluğun mətbuat xidmətindənAzVision.az-a verilən məlumatda deyilir ki, bəzi KİV-lərə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Çingiz Tarverdiyevin atası Aydın Tarverdiyev müsahibə verərək, oğlunun şəxsi zəmində yüksəkrütbəli zabit tərəfindən tapança ilə vurularaq güllə yarası ilə Gəncə şəhərində yerləşən hərbi hospitalda heç bir tədbir görülmədən ağır və baxımsız vəziyyətdə qalmasını, aidiyyəti qurumların buna biganə yanaşması ilə hadisənin ört-basdır edildiyini bildirib.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu həmin yazılarda göstərilənlərlə bağlı bildirir ki, Gəncə Hərbi Məhkəməsinin 29.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci (öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 5 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş Tarverdiyev Çingiz Aydın oğlu cəzasını çəkib qurtardıqdan sonra 2014-cü ilin dekabr ayında xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmiş və həmin hərbi hissədə müddətli həqiqi hərbi xidmət edərkən, 27 yanvar 2015-ci il tarixdə mühafizə növbəsində olduğu zaman saat 06 radələrində əsgər yoldaşı ilə aralarında yaranmış mübahisə zəminində xidməti istifadəsində olan avtomat silahını döyüşə hazır vəziyyətə gətirib mübahisə etdiyi əsgərin başı üzərindən havaya bir dəfə atəş açmış, daha sonra isə onunla birlikdə növbədə olan digər əsgərdən xidməti istifadəsindəki avtomat silahını ona verməsini tələb etmişdir. Həmin əsgər buna öz etirazını bildirdiyinə görə əsgər Ç.Tarverdiyev onun da başı üzərindən havaya iki atəş açaraq silahının lüləsini özünün çənəaltı nahiyəsinə dirəyib silahın ona verilməyəcəyi təqdirdə özünü öldürəcəyini demiş, nəticədə əsgər yoldaşı onun bu hərəkətindən qorxaraq məcburiyyət qarşısında avtomat silahını Ç.Tarverdiyevə vermişdir. Bundan sonra əsgər Ç.Tarverdiyev hər iki avtomat silahla əsgər yataqxanasının qarşısına gedib "tabor düzülsün" deyə qışqıraraq nalayiq söyüşlərlə şəxsi heyətin düzülməsini və əsgərlərin səhər yeməyinə sərbəst yeriyərək getmələrini tələb etmiş, daha sonra isə əsgərlərin başları üzərindən havaya çoxsaylı atəşlər açmışdır. Hadisə yerinə gəlmiş zabitlər əsgər Ç.Tarverdiyevlə tərbiyəvi mövzuda söhbətlər aparıb əlindəki silahı təhvil verməsini xahiş etsələr də, əsgər Ç.Tarverdiyev aparılan söhbətlərə məhəl qoymayaraq silahı təhvil verməkdən imtina edib, özünə çay gətizdirərək içib. Sonra isə o, mobil telefon tələb edərək telefonda musiqiyə qulaq asmış, daha sonra isə həmin telefonu yerə çırparaq sındırmış və orada olan hərbi hissə komandiri polkovnik-leytenant Sahib Şahverdiyevə hərbi biletində məhkum olunmasına dair qeydlər edildiyindən korlandığını deyərək biletinin dəyişdirilməsini tələb etmişdir. Əsgər Ç.Tarverdiyevin qeyri-adekvat hərəkətlər etməsi ilə bağlı hərbi hissənin komandiri də onu sakitləşdirməyə və silahını təhvil verməsinə çalışsa da, əsgər Ç.Tarverdiyev silahı təhvil verməmiş, heç kimlə, o cümlədən valideynləri ilə də danışmaq istəməmişdir. Daha sonra Ç.Tarverdiyev boğazının alt hissəsinə tutduğu avtomatik atəş vəziyyətinə gətirilmiş silahının lüləsini qəflətən öz alın nahiyəsinə çevirib dirəyərək atəş açmaq istədiyi zaman ona yaxın olan əsgər Kərimov Rza Novruz oğlu ani olaraq silahı əlindən almağa cəhd etsə də, əsgər Ç.Tarverdiyev silahın tətiyini sıxmağa nail olmuş və açılmış güllələrdən biri onun baş nahiyəsinə dəyərək xəsarət yetirmişdir.

Göstərilən faktlar hadisə zamanı orada olmuş əsgərlər – Əhədov Ruslan Elçin oğlunun, Kərimov Rza Novruz oğlunun, Qurbanov Zülfüqar Yadigar oğlunun, zabitlər – mayor Ziyadov İlkin Eldar oğlunun, mayor Xancanov Səlim Ağarza oğlunun, kapitan Vəliyev Zöhrab Naib oğlunun və digər hərbi qulluqçuların ifadələri ilə tam təsdiq olunur. Əsgər Ç.Tarverdiyevə hərbi hissədə ilkin tibbi yardım göstərildikdən dərhal sonra o, hərbi hospitala təxliyə edilmişdir. Hərbi hospitala qəbul edilmiş əsgər Ç.Tarverdiyevin üzərində təxirəsalınmadan sağ alın təpə-gicgah nahiyəsində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda onun Gəncə şəhərində yerləşən hərbi hospitalda stasionar şəraitdə müayinə və müalicəsi Silahlı Qüvvələrin yüksəkixtisaslı həkim mütəxəssislərinin nəzarəti altında davam etdirilir.

Baş vermiş hadisə ilə bağlı Qazax Hərbi Prokurorluğunda 28 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 335.1 (öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma) və 349.1-ci (hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmışdır. İş üzrə şahidlər dindirilmiş, məhkəmə-tibbi və kompleks məhkəmə ballistik-trasoloji ekspertizaları təyin edilmiş, müvafiq sorğular göndərilmiş, zəruri sənədlər cinayət işinin materiallarına əlavə edilmiş, hadisə zamanı əsgər Ç.Tarverdiyevin əynində olmuş paltarlar hərbi hospitaldan qablaşdırılmaqla götürülmüş və digər ilkin zəruri hərəkətlər yerinə yetirilmişdir. Hazırda həmin cinayət işinin istintaqı davam etdirilir və iş Respublika Hərbi Prokurorunun xüsusi nəzarətindədir.

Respublika Hərbi Prokurorluğu bir daha bəyan edir ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan başqa silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə hərbi prokurorluq orqanları tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanır, istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını və cinayəti törətmiş şəxslərin məhkəmə məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədilə həmin cinayət işləri Respublika Hərbi Prokurorluğu tərəfindən xüsusi nəzarətdə saxlanılır.
Mənbə


Teqlər:  





Xəbər lenti