Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi

Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi
  05 Fevral 2015    Oxunub:3794
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb.

AzVision.az xəbər verir ki, fərmana əsasən mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə komitə ləğv edilib.

Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.

Bundan əlavə fərmana əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

Həmçinin ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirir.

Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində daşınmaz əmlaka növündən asılı olmayaraq mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın vahid formasına dair təkliflərini, torpaq sahəsinin plan və ölçüsünün vahid nümunəsinə və təsvirinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti