Qəmlonun oğlu vəfat etdi

Qəmlonun oğlu vəfat etdi
  06 Fevral 2015    Oxunub:2748
İmişli rayonunun Göbəktala kəndində yaşayan müharibə və əmək veteranı İbrahim İsmayılov vəfat edib. Mərhum «Axırıncı aşırım» filmindən tanınan Qəmlonun (əsil adı Qəmbəralı olub) oğlu idi.
AzVision.az azadliq.org-a istinadən xəbər verur ki, İbrahim İsmayılov 1926-cı ildə ovaxtkı Ermənistan SSR-in Qarabağlar rayonunun Məngük kəndində doğulub. AzadlıqRadiosuna verdiyi müsahibədə o bildirmişdi ki, instituta daxil olmaq istəyərkən Qəmlonun oğlu olduğuna görə sənədləri qəbul edilməyib.

Atası ömrünün sonunadək Şura hökumətinə boyun əyməsə də, onu 1944-cü ildə həqiqi hərbi xidmətə çağırıblar. Berlinədək döyüş yolu keçən İbrahim İkinci Dünya müharibəsi qurtarandan sonra daha 2 il dağılmış şəhərlərin bərpasında iştirak edib.

1949-cu ildə Ermənistanda yaşayan minlərlə azərbaycanlı kimi, İbrahimin ailəsi də Azərbaycana deportasiya olunub. O, 30 il yanğından mühafizə idarəsində işləyib. 8 övladı olub, onlardan biri vəfat edib.

İbrahim İsmayılov İmişli rayonunun Göbəktala kəndindəki el qəbiristanlığında dəfn edilib. Qəmlonun həyat yoldaşı Teyfə, qızı Mafərə də burada uyuyur.


Teqlər:



Xəbər lenti