Qərib Məmmədovun komitəsi niyə ləğv edildi?

Qərib Məmmədovun komitəsi niyə ləğv edildi?
  06 Fevral 2015    Oxunub:16222
“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini lazımsız komitə adlandırmaq olmur. Komitə ölkədə torpaq islahatının aparılmasında çox böyük işlər görüb. Ancaq bəzi idarələr, komitələr var ki, artıq onlar öz vəzifələrini yerinə yetiriblər və bunların birləşdirilməsi, vəzifələrinin təkminləşdirilməsi vacibdir”.
Bu barədə AzVision.az-a millət vəkili Tahir Rzayev bildirib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsinə münasibət bildirən deputat qeyd edib ki, komitə bu günə kimi çox faydalı işlər görüb:

“Lakin bu gün ölkədə hər sahədə olduğu kimi idarəetmə sahəsində də islahatlar gedir. Elə bilirəm ki, bu da islahatların bir hissəsidir. Yəni müəyyən komitələr öz vəzifələrini müəyyən qaydada yerinə yetirirdilərsə indi bunların birləşməsinə ehtiyac var. Bu birləşmə təbii ki, müəyyən mənada işləri asanlaşdırır, müəyyən qeyri-tipli məsələlərin bir əldə cəmləşməsinə şərait yaradır. İnsanlar bu baxımdan rahat olurlar”.

Deputatın sözlərinə görə, komitənin işinin bir əldə birləşməsi daha məqsədəuyğundur:

“İnsanlar hər hansı torpaq sahəsi və ya əmlaka mülkiyyət hüququ alırdılarsa, həm gəlib sənədi Əmlak Komitəsindən , həm də Torpaq Xəritəçəkmə Komitəsindən götürürlər. Yəni bunlar qeyri-profilli komitələrdir. Komitənin birində mülkiyyət verilir, birində isə kadastr. Odur ki, bu kimi sənədlərin hazırlanması vaxt alırdı, insanlar get-gələ düşürdülər, bir sözlə iş uzanırdı.Amma indi həmin komitələrin bir əldə cəmləşməsi daha faydalıdır”.

Yenicə ləğv edilmiş komitə işçilərinin işisz qalmasına gəlincə, deputat bildirib ki, həmin sahədə işləyənlər öz işlərində qalacaqlar:

“Çünki bu sahə həddindən artıq mürəkkəb və vacib sahədir. Ölkə başçısı da dəfələrlə çıxışında deyib ki, bələdiyyə torpaqları və dövlət torpaqları müəyyən olunmalıdır. Prezident bu yaxınlarda çıxışlarından birində qeyd etdi ki, icarəyə verilmiş, istifadəsiz torpaqlar var. Həmin torpaqlar istifadə olunmalıdırlar. Odur ki, komitənin işçiləri işsiz qala bilməzlər. Çünki orada çox savadlı, peşəkar işçilər, alimlər, iqtisadçılar, bu sahəyə bələd olan şəxslər var. Komitənin səlahiyyətlərinin digər komitəyə verilməsinə baxmayaraq çox güman ki, həmin işçilər bu sahədə qalıb işləyəcələr. Çünki bu sahələrlə məşğul olunmalıdır. Hesab edirəm ki, komitənin işi təkminləşdirilibsə ora yeni mütəxəssislər cəlb olunmalıdır”.

Deputat sonda müəyyən paralel iş aparan kommunal xidmət sahələrinin, ictimai iaşə, ticarət xidmətlərinin biləşdirilməsinə ehtiyac olduğunu söyləyib. Onun sözlərinə görə, bu gün hansısa komitə ləğv olunursa onun yerinə bir neçə struktur yaranır.

Millət vəkili hesab edir ki, yeni strukturlar yaradılırsa yeni iş yerləri də açılır.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti