“Əhalinin 5%-i məscidlərə gedir”

“Əhalinin 5%-i məscidlərə gedir”
  06 Fevral 2015    Oxunub:3168
"Bir sıra məscidlərin tikintisi ilə bağlı layihələr təqdim olunub ki, onlara da baxılır. Komissiyanın rəyindən sonra onların tikintisi barədə qərar veriləcək".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O vurğulayıb ki, hazırda məscidlərin tikintisi və restavrasiyası, eləcə də yeni məscidlərin açılması davam edir.

Komitə sədrinin sözlərinə görə, məscid tikintisi ilə bağlı heç bir problem yoxdur: "Məscidlərin tikintisi üçün bir neçə istiqamətdə iş gedə bilər. Bu, ya dövlətin, ya da özəl şəxslərin, eləcə də xeyirxah insanlar təşəbbüsü ilə ola bilər. Dini icmalar da bu işə qoşula bilər. Onlar bu məqsədlə yerli icra hakimiyyətlərinə müraciət edə bilərlər. İcra hakimiyyətləri layihələri təsdiq etdikdən sonra bizə müraciət edə bilərlər. Yalnız bundan sonra məscidlərin inşasına icazə verilə bilər".

M.Qurbanlı ölkədə fəaliyyət olan məscidlərin sayı və onlara tələbatı da açıqlayıb. Komitə sədri bildirib ki, hazırda ölkədə kifayət qədər məscid var: "Azərbaycanda 2050 məscid var ki, onlardan 1700-ü tam fəaliyyət göstərir. Aparılan monitorinqlər zamanı məlum olub ki, bu gün ölkədə birbaşa məscidlərdə dini ayinləri icra edən insanların sayı cümə və bayram namazlarında təqribən 160-170 min civarındadır. lakin məscidlərdəki ümumi tutum bundan iki dəfə çoxdur. Yəni 300-350 min insan dini ayinin icrasını rahat şəkildə həyata keçirə bilər.

Azərbaycan əhalisinin cəmi 5 faizi dini ayinlərin icrasını məhz məscidlərdə edir. Digərləri isə bunu ev şəraitində edir və bu da yer çatışmazlığı ilə bağlı deyil".

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti