Ermənilərin lavaşdan sonra piti təxribatı...

Ermənilərin lavaşdan sonra piti təxribatı...
  06 Fevral 2015    Oxunub:4677
Ermənilər lavaşdan sonra pitini də mənimsəmək istəyir. Belə ki, Şəki mətbəxinin simvolu sayılan piti erməni mətbəxinin nümunəsi kimi göstərilib. Onlar pitini erməni mətbəxinin vizit kartı adlandırmaqdan belə çəkinməyiblər.

Halbuki, piti Şəkinin şah yeməyidir. Xüsusi gil qablarda ət, noxud, quyruqdan hazırlanan piti xüsusi qaydada yeyilir. Özünəməxsus bişirilmə üsulu və yeyilmə orijinallığı ilə seçilən bu yemək növünə dünyanın heç bir ölkəsinin mətbəxində rast gəlmək mümkün deyil. Odur ki, Şəkiyə üz tutan bütün qonaqların sifarişində piti əsas yer tutur.

Qeyd edək ki, Şəkinin milli yeməyi sayılan pitini hər adam istənilən səviyyədə bişirə bilmir.

Pitinin tarixi lap qədimlərə gedib çıxır. Qədimdə pitini ilk dəfə “Xoruzoğlu” kimi tanınan bir nəfər bişirib. Belə bir rəvayət də var ki, o vaxtın rəhbər adamlarından biri pitixanaya adam göndərir ki, “mənim qonaqlarım var, bizə piti verilsin”. Aşpaz isə deyir ki, piti tam hazır olmasa, onun ağzını aça bilmərəm. Yəni ki, bu yeməyin bişirilməsi incəlik tələb edir. Piti yalnız gildən hazırlanan dopuda bişirilməlidir. Hərdən bunu qazanda bişirirlər. Dopudan başqa qabda bişirilən yeməyi piti adlandırmaq düzgün deyil.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov deyir ki, ermənilər hər dəfə belə oğurluqlar edərək mətbəximizi mənimsəmək istəyir.

Mərkəz rəhbərinin sözlərinə görə, Moskvada bütün qəzet, mətbuat onların əlindədir:

“Hələlik yeməklərin hüquqi qorunma rejimi yoxdur ki, onları məhkəməyə verək. Hazırda bunun üzərində iş gedir. Lakin elmi cəhətdən bütün jurnallarda, rus, ingilis dillərində ermənilərə cavab verilir. Kitablarımız çıxdı, bestseller oldu.Təbii ki, bunun üçün maliyyə lazımdır”.

Milli yeməklərimizin pasportlaşdırılması məsələsinə gəlincə, T.Əmiraslanov deyir ki, artıq 1500-dən çox yemək işlənib müvafiq idarəyə verilib. Pitinin ermənilər tərəfindən mənimsənilməsinə gəlincə, Mərkəzin rəhbəri bildirib ki, piti Azərbaycanın adi bozbaşıdır:

“Bozbaş yeməklərinin bir növüdür. Onun xüsusi yeyilmə qaydası var. Onun içi əzilir, pətə kimi olur. Bozbaşdan fərqli olaraq onun bərk hissəsi ayrıca yeyilir, yerdə qalan hissə isə əzilir pətə kimi olur. Piti sözü də pətə sözündən əmələ gəlib”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti