Görüşdə Azərbaycanda gedən demokratik proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.
Daha sonra prezident İlham Əliyev Münxendə Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı, xalqlarımız arasında dostluq münasibətlərinin əlaqələrimizin inkişafına öz töhfəsini verdiyi qeyd edildi. Azərbaycanın Serbiya iqtisadiyyatında, o cümlədən bu ölkədə yol inşası sahəsində uğurla iştirak etdiyi diqqətə çatdırıldı. Bu görüşün əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı perspektivlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi.
Söhbət zamanı Azərbaycanın xarici ölkələrə fəal şəkildə sərmayə qoymasının əhəmiyyəti vurğulandı. Serbiya tərəfinin Azərbaycan şirkətlərinin bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrində iştirakının genişləndirilməsində maraqlı olduğu bildirildi.
Görüşdə energetika sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edildi, ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Ölkə başçısı Almaniyaya səfəri zamanı Münxendə Fransa Respublikasının müdafiə naziri Jan-İv Lö Drian ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin son illərdə müxtəlif sahələr üzrə intensiv inkişaf etdiyi bildirildi. Bu əməkdaşlığın nəticəsi olaraq ötən il Azərbaycanın ikinci peykinin istismara verilməsinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına, əməkdaşlığın yeni sahələrinin müəyyən olunmasına təkan verdiyi diqqətə çatdırıldı. Əlaqələrimizin müdafiə sənayesi sahəsində də genişləndiyi bildirildi.
Prezident İlham Əliyev Münxendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanov ilə də görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Enerji, gömrük, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu. (AzərTAc)











Vaxtında, Aydın, Lazımlı!


