`Mübariz gerenal olmaq istəyirdi...`

`Mübariz gerenal olmaq istəyirdi...`
  07 Fevral 2015    Oxunub:3064
“Bu gün bizim xoş günümüzdür ki, öz Milli Qəhrəmanımızın ad gününü qeyd edirik. Hazırda Mübarizin məzarını ziyarət edirik. Mübariz böyük qəhrəmandır. Mən bu gün qəmqin deyiləm”.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun sinif rəhbəri olmuş, Əliabad kənd tam orta məktəbinin coğrafiya müəllimi Əhliman Quliyev AzVision.az-a açıqlamasında şagirdi ilə bağlı bir sıra məqamlalar toxunub. O, M. İbrahimovun general olmaq istəməsindən, sinifdə özünü neçə aparmasından danışıb. Milli Qəhrəmanımızın müəllimi öz şagirdini doğum günü münasibəti ilə təbrik edib:

“Mübariz hələ yuxarı sinifdə oxuyan zaman biz ondan nəsə gözləyirdik. Biz Mübarizin general olmasını gözləyirdik. O, general rübəsinə yüksəlmək üçün çox tələsdi. Bəlkə də buna səbri çatmadı. Amma Mübariz bir general qədər Azərbaycan xalqına töhvə verdi. Bu gün Mübarizin qəbri üstündə böyük bir izdiham yaşanır. Hamı Mübarizi anmağa gəlib. Mübarizin qoyduğu igidlik məktəbindən xalqımız bu gün yaxşı bəhrələnir. Mən bununla fəxr edirəm. İnanıram ki, Mübariz kimi qəhrəmanı olmuş bir xalqın torpaqları düşmən ayaqları altında qalmayacaq. O, torpaqlar bizim olacaq. Mübarizin qəbrüstü ziyarətindən sonra inşallah biz Xankəndinə, Şuşaya gedəcəyik. Biz öz torpaqlarımız geri qaytaracağıq. Bundan sonra biz Mübarizin ruhun şad olduğunu bir daha görəcəyik”.

Ə. Quliyev Mübariz İbrahimov müəllimlərinə həmişə torpaqlarımızın nə vaxt işğaldan azad olunması ilə bağlı suallar verərdi. Müəllimin sözlərinə görə Milli Qəhrəmanımız heç vaxt ad günü keçirməyə meylli olmayıb:

“Mən Mübarizi çox yaxşı tanıyıram. O, qətiyyən ad günü keçirməyə meylli deyildi. Biz on birinci sinifdə bir neçə dəfə şənlik keçirmişdik. O, şənliklərdə çox kənarda olurdu. Onun elə bil həmişə canında qəm-qüssə var idi. Mübariz torpaq və vətən uğurunda ölməyə getmək istəyirdi. Mən o vaxtlar iclaslar keçirəndə Xocalıdan, Şuşadan girovlardan danışardım. Mübariz bu zaman çox qəhərlənərdi. O, işğal edilən torpaqlarımızın intiqamını almaq üçün çox tələsirdi. Ona yaşamaq çox zülm, əzab gəlirdi. O, mənə həmişə sual verirdi ki, o gün nə vaxt gələcək ki, prezidentimiz əmr verəcək və biz torpaqlarımızı geri alacağıq. O, mənə deyirdi ki, artıq dözə bilmirəm müəllim. O, gün nə vaxt gələcək? Mən də ona deyirdim ki, inşallah tezliklə torpaqlarımızı azad edəcəyik. Mən bəzən ona o sözü deməyə çox utanırdım ki, biz tezliklə torpaqlarımızı geri alacağıq. O, dözə bilmirdi. Mübarizlə məktəbi bitirdikdən sonra görüşündə də görürdüm ki, onda intiqam hissi daha da pik həddə çatıb. Biz hamımız bildirdik ki, Mübariz qısa müddət ərzində qəhrəmanlıq və şücaət göstərəcək”.

Müəllim həmçinin Milli Qərəmanımızın sinifdə özünü aparmasından da danışıb. O, qeyd edib ki, M. İbrahimov həmişə özünü çox ciddi aparıb: “Bəzi uşaqlar yeniyetmə yaşlarında artıq-əskik hərəkətlər edirlər. Mən bircə dəfə də olsun ki, Mübarizin lazımsız hərəkət etdiyini görmədim. Elə bil Mübariz 70-80 yaşlı bir insan idi. O, özünü təmkinli, ciddi aparırdı. Onun ciddi olmasının bir səbəbi var idi. Onun ürəyində vətən həsrəti var idi. O, itirilmiş torpaqların qəmini-qüssəsini çəkirdi. O indiki gənclər kimi qızların dalınca düşmür dü, bir qadına, qıza, söz atmamışdı. Mübariz onlara heç gözünün ucu ilə də baxmazdı. Onun bir dəfə başını qaldırıb, qadına, qıza baxdığını görmədim”.

Qeyd edək ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti