Azərbaycanlı rəssam Moskvada vəfat etdi

Azərbaycanlı rəssam Moskvada vəfat etdi
  07 Fevral 2015    Oxunub:2645
Rəssamlar İttifaqının üzvü, Böyük Vətən müharibəsinin iştirakçısı, rəssam Hüseyn Axundov Moskvada dünyasını dəyişib.
AzVision.az-ın məlumatına görə, Rusiya və Azərbaycanın rəssamlıq və kino sənətində xüsusi yeri olan görkəmli həmyerlimiz "Mosfilm"Kino studiyasının ştata götürülmüş ilk azərbaycanlı rəssamı olub.

Uzun illərdir Moskvada yaşayan Hüseyn Axundov 1921-ci il aprelin 28-də Abşeron rayonunun Balaxanı kəndində anadan olub. 7 yaşında bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Aga Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad İncəsənət İnsititutunun kino rejissorluğu fakültəsinə daxil olub. Hüseyn Axundov 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb.

Yaraları sağalandan sonra təhsilini Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində (VQİK) davam etdirib. 1945-ci ildə oranı bitirdikdın sonra taleyini birdəfəlik Moskvaya bağlayıb.

"Mosflim"də işləyən ilk azərbaycanlı Hüseyn sovet kinosunun tanınmış ustadları ilə çiyin-çiyinə çalışıb. "Axmaq", "Bəyaz gecələr","Bahar", "Sampo" filmlərinin rəssamı olub. Kino rəssamı olmaqla yanaşı, dekorativ eskizlər, kinoplakatlar və paralel olaraq rəsm əsərləri üzərində də işləyib.

Hüseyn Axundovun yaradıcılığının yaddaqalan mərhələlərindən biri də Moskvanın tarixi mərkəzində ən qədim şəxsi tikililərdən olan Knyaz Yusupovun sarayının bərpa edilməsində baş rəssam işinin ona həvalə edilməsi olub.

Rusiya Rəssamlar İttifaqının üzvü olan Hüseyn Axundovun yaradıcılıq işləri Rusiyanın və dünyanın bir çox rəsm sərgilərində nümayiş etdirilib.

Allah rəhmət eləsin!


Teqlər:  





Xəbər lenti