`Biz reytinq dalınca qaçmırıq` - Lider TV

`Biz reytinq dalınca qaçmırıq` - Lider TV
  07 Fevral 2015    Oxunub:7097
“Biz ucuz reytinq arxasınca getmirik. Reytinq qazanmaq çox asandır. Biz daha çox milli maraqlardan çıxış edərək efir siyasətimizi yaradırıq, vətənpərvəlik və milli dəyərlərlə bağlı mövzulara üstünlük veririk. Milli maraqların müdafiəsini hər şeydən üstün tuturuq”.

AzVision.az
-ın məlumatına görə, bu fikirlər "Lider" televiziya kanalının 15 yaşının tamam olmasilə bağlı keçirilən görüşdə səsləndirilib. Yubileylə bağlı “Lider” TV-nin Xəbərlər Departamentinin rəhbərliyi media nümayəndələrilə görüşüblər.

Görüşdə “Lider” TV-nin `Səda` Xəbərlər Departamentinin rəisi İlham Abdulov qeyd edib ki, tamaşaçılar üçün sürprizlər hazırlayıblar: “Yeni rubrikalarımız, verilişlərimiz olacaq. Depatartamentin strukturu kifayət qədər böyükdür, 120 işçimiz var. Şirkət rəhbərliyi elə bir mühit yaradib ki, biz vahid komanda şəklində fəaliyyət göstəririk”.

Departamentin strukturundan söz açan İlham Abdulov bildirib ki, bura “Siyasi-ictimai”, “Sosial və Mədəniyyət”, “Gənclər” və “Analitik araşdırmalar” redaksiyaları daxildir. Bütün redaksiyalar “Lider” Xəbər Departamentinin nəzdində fəaliyyət göstərirlər. Eyni zamanda yarımmüstəqil fəaliyyət göstərən bir neçə qruplar da mövcuddur. Bura “Xarici”, “Regional” və “Ekonomiks” qrupları daxildir. İdman bölməsi isə “Gənclər” redaksiyasının tərkibində fəaliyyət göstərir. Bütün bu redaksiyalar eyni zamanda “Səda” informasiya proqramı üçün reportajlar hazırlayırlar.

- Biz bu strukturu hər zaman təkmilləşdirməyə çalışırıq ki, fəaliyyətimizdə yeni-yeni uğrulu nəticələr əldə edək. Biz xəbərlərdə də müəyyən dəyişikilikər etmişik, 13:00 buraxılışında böyük informasiya marofonu yaratmışıq. Xəbərlərin daha maraqlı olması üçün dinamikanı artırmışıq. Bizdə aparıcıların diksiyalarının gözəl olması əsas şərtdir. Xəbərlərlimizin dilinin sadə olması da çox vacibdir,- deyə, departament rəisi əlavə edib.

İlham Abdulov deyib ki, gənclərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə departamentin nəzdində Tədris Mərkəzi yaradılıb. Mərkəzə xaricdən qonaqlar dəvət edilir, treniqlər təşkil olunur: “Biz gənc kadrları tələbə vaxtlarında bu Tədris mərkəzinə cəlb edirik. Onları öyrədib, diplom veririk və işlə təmin edirik. Buna görə heç kəsdən heç nə tələb olunmur. Həmin tələbələrin əksəriyyəti qalıb bizimlə işləyirlər. Bütün CV-ləri qəbul edirik. Tədris Mərkəzinə qəbulla bağlı heç bir müqavilə tələb olunmur. Bu, bir sosial layihə kimidir. Biz orada müasir televiziya üçün lazım olan bütün kadrları hazırlayırıq. Uğurlu layihəsi olan gənclər üçün həmişə yaşıl işıq var”.

Lider TV-nin “Lider Xəbər” Departamenti rəisinin 1-ci müavini, eləcə də TV-nin Tədris Mərkəzinin rəhbəri Radik İsmayılov isə bildirib ki, televiziyanın nəzdindəki Tədris Mərkəzi Lider TV efirə çıxandan təxminən 2-3 il sonra yaradılıb. Onun sözlərinə görə, burada xüsusən kadrların peşəkarlıq səviyyəsinin artırılması və yeni kadrların cəlb olunması məsələlərinə önəm verilir: “Mərkəzə əsasən tələbələr cəlb olunur, onlar diplom alandan sonra isə bəziləri işə götürülür. Burada xüsusən kadrların peşəkarlıq səviyyəsinin artırılması və yeni kadrların cəlb olunması məsələlərinə önəm verilir. Sosial layihə kimi fəaliyyət göstərən Mərkəzdə kurs keçənlərə televiziyanın sirləri öyrədilir. Kursu bitirənlərdən sonra onlardan heç də burada qalıb işləmələri tələb olunmur. Mərkəzdə təkcə jurnalistlər yox, rejissorlar, operatorlar, montajçılar, prodüserlər və s. kadrlar da yetişdirilir”.

Radik İsmayılov deyib ki, Tədris Mərkəzinə həm yerli, həm də xarici mütəxəssislər cəlb olunur. İndiyə qədər Mərkəzdə Rusiya və Türkiyədən gəlmiş tanınmış televiziya mütəxəssisləri gənc kadrlarla təcrübələrini bölüşüblər. Bundan əlavə, "Lider jurnalist" kitabı nəşr edilərək kitabxanalara, ali məktəblərin jurnalistika fakültələrinə paylanıb. Bir sözlə, televiziya tərəfindən bu sahəyə mütəmadi investisiya qoyulur.

R.İsmayılov həçinin qeyd edib ki, Tədris Mərkəzinin gələcək üçün nəzərdə tutulan layihələri də var: “Onlardan biri Mərkəzə Azərbaycanın yerli televiziya mütəxəssislərinin cəlb edilməsi ilə bağlıdır. Bununla televiziyalar arasında dostluq körpüsü salmaq istəyirik, eləcə də jurnalistika fakültələrinin tələbələri üçün yeniliklər hazırlayırıq".

Lider TV-nin "Lider Xəbər" Departamenti rəisinin 2-ci müavini, "Səda" informasiya proqramının əsas buraxılışının rəhbəri və aparıcısı Günel Gözəlova da qeyd edib ki, burada gənc kadrlara xüsusi önəm verilir: “Jurnalistikaya gəlmək istəyənlər üçün qapımız hər zaman açıqdır. Əvvəllər televiziyada təcrübə keçmək çox çətin idi. Ona görə də, biz çalışırıq ki, tələbələrə belə bir imkanı təmənnasız olaraq yaradaq. Biliyi, bacarığı, mədəni səviyyəsi yerində olanlar üçün burada heç bir problem olmur".

G. Gözəlova qeyd edib ki, Lider TV-də əsas cəhətlərdən biri burada ixtisaslaşmanın olmasıdır: “Mütləq şəkildə tamaşaçılara sosial, eləcə də milli-mənəvi dəyərlərə həsr olunmuş, xüsusən də vətənpərvərlik mövzusunda rubrika və proqramlar təqdim edirik. Unutmuruq ki, bizə düşmən də baxır. Biz buna xüsusi diqqət yetiririk”.

Onun sözlərinə görə, Lider TV-də bəzi verilişlərin müəllifi şəxsən televiziyanın prezidenti Ədalət Əliyevdir: “Xəbər Departamentində isə verilişlərin yaranmasının əksəriyyəti məhz onun adı ilə bağlıdır. İstənilən halda bu verilişlərdə aparıcılar dəyişə bilir. Onlardan biri də “Seçim” verilişidir. Yeniliklərdən biri də odur ki, gələn həftə bu veriliş efirə yeni aparıcı ilə çıxacaq”.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti