Bakı və Sumqayıtda küçə adları dəyişir

Bakı və Sumqayıtda küçə adları dəyişir
  09 Fevral 2015    Oxunub:3321
Bakı və Sumqayıt şəhərlərinin küçə adlarının AMEA Dilçilik İnstitutu tərəfindən yeni qaydalarla təyin olunması (yenilənməsi) prosesi davam edir.
AzVision.az xəbər verir ki, bunu "Report"a Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin böyük elmi işçisi Nəzakət Qazıyeva deyib.

Onun sözlərinə görə, institut məsələ ilə bağlı keçən ilin iyun ayında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi ilə 1 illik müqavilə imzalayıb: "Müqavilə imzalandığı tarixdən etibarən Bakı, Sumqayıt, Gəncə şəhərləri üzrə küçə adları mərhələlərlə instituta göndərilərək mütəxəssislər tərəfindən yoxlanılır və geri qaytarılır. Onu da qeyd edim ki, instituta hər mərhələdə müəyyən bir qisim (300, 500) ad göndərilir".

Nəzakət Qazıyeva bildirib ki, küçə adlarının yenilənməsinin ilk mərhələsi sona çatıb: "Sentyabr-oktyabr aylarında Sumqayıt şəhərinin küçə adlarının müəyyən bir qismini yoxlasaq da, işlər hələ yekunlaşmayıb. Bakı üzrə də işlər hələ davam edir. Çünki paytaxt geniş ərazini əhatə edir. Həmçinin Abşeron da oraya daxil olduğu üçün Bakının küçə adlarının yoxlanmasına müəyyən vaxt lazımdır".

O, həmçinin qeyd edib ki, küçə adlarının yoxlanma prosesi Kadastr Mərkəzindən asılıdır: "İlk mərhələdə Bakı, Gəncə, Sumqayıt üzrə 1034 küçə adı gəlmişdi, növbəti mərhələdə ancaq Gəncə şəhərini əhatə edən 600 ad təqdim olunub".

Xatırladaq ki, Gəncənin bütün küçə adlarının tam siyahısı artıq II mərhələdə yoxlanılıb.


Teqlər:





Xəbər lenti