Qarabağda konsert verənlər `qara siyahı`ya salındı
Azərbaycan tərəfinin sorğusuna cavab olaraq UNESCO katibliyindən bildirilib ki, bu təşkilatın UNESCO-nun loqosundan istifadə etməyə və ya özünü hər hansı bir formada UNESCO ilə əlaqələndirməyə heç bir əsası yoxdur. UNESCO-nun loqosundan qeyri-qanuni istifadə edən bu təşkilata UNESCO tərəfindən etiraz edilib və nəticə etibarilə “music-peace.com” saytından UNESCO-nun loqosu çıxarılıb.
H.Hacıyev bildirib ki, beynəlxalq hüququ və Azərbaycanın ərazi bütövlüyünü tanıyan UNESCO-nun adından və loqosundan istifadə edərək, bu cür fəaliyyət göstərmək yolverilməzdir: “Bu fakt özlüyündə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz konsert proqramı təşkil edərək "sülh"ə xidmət etdiyini iddia edən, amma əslində işğal və təcavüzün nəticələrini təşviq edən bu qeyri-hökumət təşkilatının yalanının ifşasıdır”.
XİN rəsmisi əlavə edib ki, Azərbaycanın işğal edilmiş ərazisi olan Xankəndidə konsert verən musiqiçilərin adları Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısında daxil edilib.
Xatırladaq ki, təşkilatın rəsmi saytında yayımlanan afişada fortepiano ifaçısı Mariya Nemtsova və saksofon ifaçıları Vitali Vatul, Dmitri Uvarov, Yevgeni Novikov və Xuan Manuel Dominqesin adları qeyd olunub. Azərbaycan XİN-in etiraz bəyanatından sonra “Music for Peace” təşkilatının təsisçilərindən biri olan Mariya Nemtsova siyasətlə yox, musiqi ilə məşğul olduqlarını, Azərbaycanda konsert verə bilmədiklərinə görə təəssüfləndiyini bildirib.