Qərib Məmmədov yeni vəzifə gözləyir

Qərib Məmmədov yeni vəzifə gözləyir
  09 Fevral 2015    Oxunub:5010
Ötən həftə prezident İlham Əliyevin imzaladığı fərmanla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi. Komitənin səlahiyyətlərinin bir hissəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, digər hissəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.
Komitənin ləğvi ilə bir çoxları kimi sədr Qərib Məmmədov da işsiz qaldı. Uzun illər bu postda çalışmış Komitə sədri hazırda rəsmən işsizdir.

Təhvil-təslim işləri başa çatanadək komitə öz fəaliyyətini davam etdirəcək. Odur ki, işçilər hələlik öz vəzifələrini yerinə yetirirlər. Lakin yaxın günlərdə Qərib Məmmədov başda olmaqla kollektiv Əmək Məcəlləsinin tələbinə uyğun olaraq vəzifədən kənarlaşacaq.

İlkin məlumatlara görə, ləğv edilən komitənin işçilərinin bir hissəsinə Əmlak Məsələləri üzrə Dövlət Komitəsində, müəyyən hissəsinə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində iş veriləcək.

Ləğv edilən komitədəki mənbədən saytımıza verilən məlumata görə, Qərib Məmmədovun 18 illik fəaliyyətindən sonra onun işsiz qalacağı inandırıcı deyil.

`Sabiq komitə sədrinin başqa bir vəzifəyə göndəriləcəyi deyilir. Ola bilsin ki, yaxın vaxtlarda Qərib Məmmədov işlə təmin edilsin`-deyə mənbə bildirib.

Millət vəkili Tahir Rzayev saytımıza açıqlamasında komitənin ləğv olunmasına baxmayaraq işçilərin işsiz qalmayacağını deyib.

“Komitənin iş kollektivi işsiz qalmayacaq. Çünki bu sahə həddindən artıq mürəkkəb və vacib sahədir. Ölkə başçısı da dəfələrlə çıxışında deyib ki, bələdiyyə torpaqları və dövlət torpaqları müəyyən olunmalıdır. Prezident çıxışlarından birində qeyd etdi ki, icarəyə verilmiş, istifadəsiz torpaqlar var. Həmin torpaqlar istifadə olunmalıdır. Odur ki, komitənin işçiləri işsiz qala bilməzlər. Çünki orada çox savadlı, peşəkar işçilər, alimlər, iqtisadçılar, bu sahəyə bələd olan şəxslər var. Komitənin səlahiyyətlərinin digər komitəyə verilməsinə baxmayaraq çox güman ki, həmin işçilər bu sahədə qalıb işləyəcələr. Çünki bu sahələrlə məşğul olunmalıdır. Hesab edirəm ki, komitənin işi təkminləşdirilibsə ora yeni mütəxəssislər cəlb olunmalıdır”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti